Amerika mətbuatı hesab edir ki, Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevi hakimiyyətdən Rusiya uzaqlaşdırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “Vaşinqton-post” hesab edir ki, Rusiya Bakiyevin hakimiyyətdən kənarlaşdırılmasında mühüm rol oynayıb. Qəzet qeyd edir ki, Rusiya telekanalları hələ aprelin 7-də başlamış kütləvi iğtişaşlara qədər Kurmanbek Bakiyevi kəskin tənqid ediblər. Rusiya mətbuatının Bakiyev barədə tənqidi yazıları qırğız xalqını Bakiyevə qarşı qaldırıb. Rus mətbuatı Bakiyevı xalqı talan edən, xalqın milyonlarla dollar vəsaitini oğurlayan qaniçən diktator kimi qələmə verib. Amerika KİV-i qeyd edir ki, Rusiya KİV-də Bakiyevin iqtisadi siyasətinə dair aparılmış kampaniya qırgız cəmiyyətində narazılığı gücləndirib.
“Bu, gec-tez olmalı idi... Lakin mən hesab edirəm ki, Rusiya faktoru həlledici olub”,-deyə “Vaşinqton-post” sabiq müxalifət lideri Omurbek Tekebayevdən sitat gətirib.
Qəzet yazır ki, son aylar Rusiya məqsədyönlü şəkildə Qırğızıstan hökumətinə təzyiqlər edib, eyni zamanda müxalifətlə əlaqə qurub. “Qırğızıstandakı hadisələr Rusiyanın xarici siyasət qələbəsi kimi qiymətləndirilə bilər”,-deyə qəzet yazır.
Xatırladaq ki, aprelin 7-də iğtişaşların birinci günü keçmiş baş nazir Daniyar Usenov “Rusiya KİV-i bizim düşmənimizdir” demişdi. O, rus mətbuatını qırğız hadisələrini qərəzli işıqlandırmaqda ittiham etmişdi.