Modern.az

İsrailin Hadera şəhərində Heydər Əliyev xiyabanı salınacaq

İsrailin Hadera şəhərində Heydər Əliyev xiyabanı salınacaq

Təhsil

13 Aprel 2010, 17:27

İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) müraciəti əsasında Hadera şəhər bələdiyyəsi görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qərara əsasən, Hadera şəhərinin mərkəzində yerləşən Ahad ha-Am küçəsindəki xiyabanda Heydər Əliyevin xatirə lövhəsinin təməl daşı qoyulacaq və xiyaban onun adını daşıyacaq. 3800 kv.m ərazini əhatə edən xiyabanda əsaslı yenidənqurma və abadlaşdırma işləri də aparılacaq. Yenidənqurma və abadlaşdırma işlərini İsrail dövləti maliyələşdirəcək. Qeyd edək ki, Haderada əslən Azərbaycandan olan böyük icma yaşayır. Bu şəhər Tel-Əvivin yaxınlığında yerləşir, yaşıllıqla zəngin ərazidir. Xiyabanın açıışında Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Bundan başqa, həmin günlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Tel-Əviv şəhərində «Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr» mövzusunda beynəlxalq konfrans da keçiriləcək. Tədbirin məqsədi dövlət rəsmlərinin, regiondakı prosesləri dərindən bilən politoloqların və mütəxəssislərin, habelə Azərbaycan, İsrail, ABŞ, Rusiyada fəaliyyət göstərən rusdilli kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə medianın münaqişələrin həllində roluna dair müzakirələr aparmaqdır. Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və digər münaqişələr müzakirə ediləcək, Azərbaycan və Israil KİV-ləri arasında əməkdaşlığın müasir durumu və inkişaf perspektivləri, Azərbaycan və Israil dövlətləri arasında münasibətlərin regionda sülhün və təhlükəsizliyin təmin olunmasında rolu, Azərbaycanda dini və etnik tolerantlıq Azərbaycan və yəhudi xalqları arasında dostluq və tərəfdaşlığın inkişafının mühüm amili kimi və digər mövzularda məruzələr səslənəcək.

Mayın 4-dən 7-dək keçiriləcək tədbirlərdə Azərbaycan incəsənət ustalarının çıxışı da nəzərdə tutulub. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı