Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun alimləri Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürüb. Təklif qəbul olunsa, Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq.
Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Magistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Ölkədən keçməsi nəzərdə tutulan sərhəd zolağı Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birgə beynəlxalq qaydalara uyğun müəyyənləşdirilib.
İnstitutun direktoru, akademiyanın müxbir üzvü Ramiz Məmmədov bildirir ki, 1964-cü ildə Avropa ilə Asiyanın cənub sərhədi müəyyənləşdirilərkən qəbul edilmiş beynəlxalq elmi-coğrafi əsaslı qaydalara əməl olunmayıb. Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmayıb, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib.
Modern.az