Aprelin 13-də axşam Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəlib. Aprelin 16-dək davam edəcək səfər müddətində M.Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin Spikeri Oqtay Əsədovla, xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də parlamentdə təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.
O, həmçinin AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməli və Azərbaycan Dillər Universitetində çıxış etməlidir. Çavuşoğlu aprelin 15-də Gəncəyə gələcək və burada görüşlər keçirəcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında M.Çavuşoğlu bildirib ki, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətini bərpa edəcək. AŞ PA prezidenti apreldə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutyunyanla bir araya gələrək Alt Komitə quracaqlarını bildirib.