Ukrayna və Rusiya arasında buzlar əridi. Modern.az Rusiya mətbuatıına istinadən xəbər verir ki, slavyan ölkələri “narıncı inqilab”dan əvvəlki dönəmə qayıdır. “Narıncı inqilab” dövründə itirilmiş strateji tərəfdaşlıq yenidən bərpa olunur. Ukraynaya rəsmi səfər edən Rusiya prezidenti Dmitri Medvedev və onun ukraynalı həmkarı Viktor Yanukoviç Xarkovda iki ölkə üçün xüsusi önəm daşıyan və qonşu dövlətlər arasında gələcək münasibətlərin axarını müəyyən edən mühüm razılaşmalar imzalayıblar. Bu razılaşma ilk növbədə Rusiyanın Qara Dənizdəki donanmasının 25 il müddətinə qalmasını nəzərdə tutur. Qeyd edək ki, hərbi bazanın istifadə müddəti 2017-ci ildə başa çatmalı idi. 25 illik müddət başa çatdığında tərəflərdən biri etiraz etməzsə, müqavilənin müddəti daha 5 il uzadıla bilər. Bunun əvəzində Rusiya Ukraynaya qazı ucuz qiymətə satacaq. Əldə olunan razılaşmaya müvafiq olaraq qazın qiyməti Ukrayna üçün 30 faiz aşağı salınır. Beləliklə də Ukrayna artıq aprel ayından rus qazını hər min kubmetr üçün 330 dollardan deyil, 230 dollardan alacaq. On illik müqavilə ilə Rusiya Ukraynaya toplam olaraq tam 40 milyard dollarlıq bir güzəşt edir. Ukraynada 2 nüvə stansiyası tikəcək Rusiya bu ölkəyə 6 milyard dollar kredit ayırmağa da razılıq verib.
Birgə mətbuat konfransında Medvedev Rusiyanın Sevastopoldakı hərbi bazaya ehtiyacının böyük olduğunu bildirib. O, qaz sahəsində imzalanmış müqavilə ilə strateji müttəfiqliyin daha bir addım irəli daşındığını deyib. Prezident Yanukoviç isə Rusiyanın “Yeni Təhlükəsizlik Anlaşması” təklifinə dəstək verdiklərini açıqlayıb.