Bu gün Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı, müavini Rəşid Mustafanı və UNICEF-in Regional ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə baş məsləhətçisi, beynəlxalq ekspert Nina Ferenkiçi Nazirlər Kabinetində qəbul edib.
Dövlət Komissiyasının rəsmi saytında yayımlanan məlumatda bildirilir ki, Ə.Həsənov qonaqlar ölkədə mövcüd olan narkotik vəziyyət, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkə Prezidenti səviyyəsində yetirilən diqqət və tələbkarlıq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib.
Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın surəti Ə.Həsənovun tapşırığı ilə qonaqlara təqdim olunub.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Herevard aztəminatlı ailələrdə böyüyən uşaqlar, o cümlədən müharibədən əziyyət çəkən ailələrdə böyüyən yeniyetmələr və digər kateqoriyadan olan uşaqlara yardım proqramı çərçivəsində müvafiq tədbirlərin görüləcəyi təklifini, xanım N.Ferenkiç isə QİÇS-in yayılmasının qarşısının alınmasında Azərbaycanda müvafiq layihələrin tətbiqinin mümkünlüyünü qeyd edib.
Ə.Həsənov rəsmi müraciət olunduqdan sonra hər iki təklifə hökumətin müvafiq strukturlarında baxılacağını bildirib.
Modern.az