
“Azərbaycanın Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişini imzalaması gələcəkdə vizanın tamamilə ləğv olunması üçün çox mühüm addımdır”.
Bunu Modern.az saytına Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. O, Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin perspektivini də şərh edib. Deputatın sözlərinə görə, bundan sonra Azərbaycan vətəndaşlarına uzunmüddətli vizalar veriləcək: “Bundan əlavə, vizanın sadələşdirilməsi təhsillə bağlı da müsbət hadisədir. Bu, hər bir Azərbaycan vətəndaşına, gəncinə Avropa qapılarını açır”.
Asim Mollazadə deyib ki, qeyri-hökumət təşkilatları, alimlər də yüngülləşdirilmiş viza rejimindən faydalanacaq: “Bu, eyni zamanda Avropa ilə münasibətlərimizin inkişafı üçün əhəmiyyətli addımdır. Azərbaycan Avropa Birliyi ilə müvafiq tərəfdaşlıq, müttəfiqlik, əməkdaşlıq istiqamətində digər sazişləri də imzalayandan sonra vətəndaşlarımız üçün böyük imkanlar açılacaq”.
Xatırladaq ki, bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanıb.
Aqşin Kərimov