
“Türkiyədə dərshanələrin bağlanmasının bizə heç bir aidiyyəti yoxdur. Bu cür məsələlər Türkiyə dövlətinin daxili işidir və “Çağ Öyrətim” şirkətinin Azərbaycandakı təhsil strategiyasına heç bir zərər gəlməyəcək”. Bunu Modern.az saytına açıqlamasında “Çağ Öyrətim” şirkətinin elmi məsələlər üzrə müşaviri Ağarəsul Məmmədli deyib.
O, Türkiyədə dərshanələrin (universitetə hazırlıq kurslarının) bağlanacağının Azərbaycanda təmsil etdiyi qurumun fəaliyyətinə təsir göstərəcəyi ilə bağlı fikirləri şərh edərkən bildirib ki, deyilənlər həqiqəti əks etdirmir.
““Çağ Öyrətim” şirkəti və onun nəzdində fəaliyyət göstərən “Araz” kursları fəaliyyətini davam etdirəcək. Türkiyənin daxili işlərinə qarışa bilmərik. “Çağ Öyrətim” işlətmələr şirkəti, xarici investisiyalı Azərbaycan şirkətidir. Bizim Türkiyə ilə heç bir əlaqəmiz yoxdur. Həmin kurslardan( (universitetə hazırlıq kurslarının) dünyanın dörd bir ölkəsində var. Hər ölkənin öz qanunları var”, – deyə müşavir vurğulayıb.
Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkəsində universitetə özəl hazırlıq kurslarının bağlanması üçün qanun layihəsi hazırlayıb. Hətta bu yaxınlarda parlamentdə məsələnin müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, Azərbaycanda da “Çağ Öyrətim” şirkətinin nəzdində, “Araz” Kursları, özəl liseylər fəaliyyət göstərir.
Namidə BİNGÖL