
“Bilirsiniz ki, həmsədrlik institutunun yaradılması ilə Milli Şura daxilində fikir ayrılıqları var idi. Tədricən bu, münaqişə istiqamətində inkişaf edirdi. Doğrudan da, Rüstəm Ibrahimbəyov böyüklük göstərdi”.
Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manafli deyib. Onun sözlərinə görə, R. İbrahimbəyov bu addımı ilə alovun üzərinə su töküb:
“İbrahimbəyov hörmət etdiyimiz ziyalılarımızdan biridir. Vacib deyil ki kimsə sözünü keçirmək üçün rəhbərlikdə təmsil olunsun. Rüstəm İbrahimbəyovun sözünün çəkisi hər zaman hiss olunub. Bundan sonra da belə olacaq. Bu, doğru qərar idi”.
“El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib ki, Milli Şuranın fəaliyyəti keyfiyyətcə və formaca özgə bir müstəviyə keçəcək:
“Bundan sonra necə olacaq bəlli deyil. Bu, şəxsi fikrimdir, “El” Hərəkatının mövqeyi deyil. Bilirsiniz, Cəmil Həsənlini də Azərbaycanın ləyaqət simvollarından biri kimi qəbul etmişik. Ona görə də onun namizədliyini dəstəklədik. Hesab edirəm ki, onun ətrafında Milli Şuranı qorumaq lazımdır. Hələ ki, “El” Hərəkatının fikrini deyə bilmərəm. Çünki Eldar Namazov Avropadadır. Yəqin ki, hərəkatın İdarə Heyəti məsələ ilə bağlı ortaya mövqe qoyacaq”.
E. Quliyev Milli Şurada istefaların olacağını istisna etmir: “Hər şey gözlənilir. İstefa məsələsini istisna etmək olmaz. Yəni Milli Şuradan istefalar da, yeni üzvlər də qəbul edilə bilər. Amma bu barədə sessiya keçirilməmiş, Rüstəm müəllimin istefası rəsmiləşmiş konkret bir şey demək olmaz”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Rüstəm İbrahimbəyovun addımını səhv addım kimi qiymətləndirib: “Onun bu addımını düzgün qəbul etmirəm. Bundan artıq söz demək istəmirəm. Bütün məsələlərə Milli Şuranın sessiyasında və ondan sonra münasibət bildiriləcək”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı R.İbrahimbəyovun addımının gözlənilməz olduğunu deyib: “Gözləməzdim istefa versin. Çox təəssüfləndim. Biz Rüstəm İbrahimbəyovla Cəmil Həsənlinin Milli Şuraya sədrlik etməsinin tərəfdarı idik. Rüstəm müəllim Milli Şura uğrunda çox işlər görmüşdü. Amma yenə də onun fikrinə hörmətlə yanaşıram”.
Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sədrlik postundan istefa verdiyini açıqlayıb. Buna səbəb işlərinin çoxluğunu göstərib və bu posta layiqli namizəd Cəmil Həsənlinin olduğunu deyib. İbrahimbəyovun bu addımı Milli Şuranın dekabrın 3-də keçiriləcək sessiyasında müzakirə edəiləcək.
İlkin PİRƏLİ