Modern.az

20 yanvar faciəsi Serbiyada anılıb

20 yanvar faciəsi Serbiyada anılıb

Təhsil

20 Yanvar 2014, 14:53

20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində anma mərasimi keçirilib.

Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində iştirakçılar 20 yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, sonra 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Eldar Həsənov 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınları, vəhşilikləri xatırlayaraq, milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb. O, 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı, amansızlığı ilə seçilən təcavüzdən bəhs edərək, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləboran edilməsindən danışıb. Səfir faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edib.

Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxıblar.

Səfirlik tərəfindən hazırlanmış, 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki Səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb. Eyni zamanda Səfirliyin təşəbbüsü ilə Serbiyanın aparıcı “Politika” qəzetində “Azərbaycanın Qara Yanvarı” və “Danas” qəzetində “Qara Yanvarın dərsləri” məqalələri dərc edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı