Modern.az

Azərbaycan-Türkiyə qardaşlığını sevmək azdır, onu qorumaq lazımdır - növbəti addım nə olacaq? 

Azərbaycan-Türkiyə qardaşlığını sevmək azdır, onu qorumaq lazımdır - növbəti addım nə olacaq? 

Analitika

Bu gün, 16:45

Bakının xəbərdarlığından Ankaranın açıq mövqeyinə qədər sosial şəbəkələrdəki qarayaxma kampaniyasına verilən cavablar qardaşlığın müdafiəsində mühüm mərhələdir. Ancaq məsələ təkcə bəyanatlarla bitməməlidir. Azərbaycan və Türkiyə bu münasibətləri hədəfə alan koordinasiyalı informasiya hücumlarına qarşı ortaq, hüquqi və institusional mexanizm yaratmalıdır.

Bəyanatlardan əvvəl nə baş verirdi?

Bir aya yaxındır ki, Türkiyənin sosial media məkanında Azərbaycana qarşı qərəzli paylaşımlar, əsassız iddialar və qarayaxma cəhdləri müzakirə olunur. Ayrı-ayrı hesabların paylaşdığı fikirlər zaman keçdikcə daha geniş auditoriyaya yayıldı, iki qardaş ölkənin münasibətləri barədə şübhələr ictimai rəyi çaşdırmağa hesablanmış mübahisələrə çevrildi.

Azərbaycan tərəfi məsələyə rəsmi etirazını bildirdi: Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası məsələyə münasibət bildirdi.

Ardınca Media və Yayım Şurası bəyanat yaydı. Türkiyədə isə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi mövqeyini açıqladı. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu da bu məsələyə münasibət bildirdi.

Bütün açıqlamalarda bu cür hərəkətlərin yolverilməz olduğu vurğulandı.

Beləliklə, Azərbaycan-Türkiyə münasibətlərini hədəfə alan kampaniyaya qarşı hər iki tərəfdən rəsmi səviyyədə mövqe ortaya qoyuldu. Əlbəttə ki, bu, əhəmiyyətlidir. Ancaq məsələ bununla bitmir. Çünki burada söhbət sadəcə sosial şəbəkələrdə kiminsə kiməsə qarşı yazdığı sözlərdən getmir. Mövzu iki dövlətin strateji müttəfiqliyi, milyonlarla insanın mənəvi bağlılığı, Cənubi Qafqazdan Mərkəzi Asiyayadək uzanan siyasi gələcəkdir. Azərbaycan-Türkiyə qardaşlığına qarşı çıxanlara verilən ən güclü cavab iki xalqın bir-birinə inamını qorumaq, bu inamı hüquqi və institusional təminatlarla möhkəmləndirməkdir.

İnformasiya manipulyasiyası necə işləyir?

İnformasiya müharibəsinin bir xüsusiyyəti var: o, həmişə açıq düşmənçiliklə başlamır. Bəzən adi sual, kontekstdən çıxarılmış görüntü, emosional başlıq, özünü tərəfsiz göstərən bir hesab vasitəsilə cəmiyyətin düşüncəsinə daxil olur.

Əvvəlcə insanın diqqəti cəlb edilir. Sonra onun emosiyası hərəkətə gətirilir. Daha sonra həmin emosiyadan münasibətlər haqqında nəticə çıxarmaq üçün istifadə olunur.

Bir müddət sonra müzakirənin ilkin səbəbi unudulur, mübahisənin özü gündəmə çevrilir. İnsanlar faktları unudub bir-birinə qarşı hisslərini müzakirə etməyə başlayırlar.

Azərbaycan və Türkiyə arasında son həftələr müşahidə olunan sosial media gərginliyinin təhlükəli tərəfi də məhz bu idi.

Məsələ tənqid və narazılığı düşmənçilik kimi qiymətləndirmək deyildi. Azərbaycan və Türkiyə iki suveren dövlətdir. Onların vətəndaşları müxtəlif məsələlərdə fərqli düşünə, hökumətlərin qərarlarını tənqid edə, ictimai müzakirələrdə bir-birinə etiraz edə bilərlər. Münasibətlərin sağlamlığı bütün fikirlərin eyni olması ilə ölçülmür.

Ancaq faktların yoxlanılmadan yayılması, saxta hesabların ictimai rəyi istiqamətləndirməsi, milli kimliyin təhqir predmetinə çevrilməsi və iki xalq arasında qəsdən düşmənçilik yaradılması tamam başqa məsələdir.

Tənqidlə qarayaxma arasında sərhəd var. Tənqid faktlara söykənir, qarayaxma isə faktların yerinə şübhəni qoyur.

Bir dövlətin siyasətini müzakirə etmək olar. Bir xalqı bütövlükdə hədəfə almaq isə müzakirə mədəniyyətindən çox uzaqdır.

Milli Məclisin komissiyası nəyi açıqladı?

Sentyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Türkiyə ərazisindən sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırdığını bildirdi.

Komissiyanın açıqlamasında kampaniyanın müəyyən mərkəzlər tərəfindən başladıldığı, məqsədinin Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəfə almaqla yanaşı, ictimai rəyi çaşdırmaq, vətəndaşlarda dövlətə və onun institutlarına inamsızlıq yaratmaq, cəmiyyətdə qütbləşməni dərinləşdirmək olduğu qeyd edildi.

Daha mühüm məqamlardan biri kampaniyanın aparılma üsulu ilə bağlı idi. Komissiyanın məlumatına görə, paylaşımlar hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə əlaqələndirilmiş formada yayılırdı.

Komissiya kampaniyanın iştirakçıları barədə məlumatların Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini də açıqladı. Eyni zamanda, Azərbaycan və Türkiyə cəmiyyətlərini saxta məlumatlara inanmamağa çağırdı.

Bu bəyanatın siyasi mənası aydındır. Azərbaycan tərəfi baş verənləri ayrı-ayrı istifadəçilərin emosional mübahisəsi kimi deyil, araşdırılmalı olan əlaqələndirilmiş informasiya fəaliyyəti kimi qiymətləndirirdi.

Ancaq burada mühüm bir prinsip də qorunmalıdır. Kampaniyanın təşkilatçılarının kimliyi, konkret hesabların hansı mərkəzlərə bağlılığı və mümkün xarici əlaqələr sübutlar əsasında müəyyənləşdirilməlidir. Bu yanaşma Azərbaycan dövlətinin mövqeyini zəiflətmir, əksinə, gücləndirir. Çünki həqiqəti müdafiə edən tərəfin özü də faktların dəqiqliyinə sadiq qalmalıdır.

Media və Yayım Şurasının xəbərdarlığı

Sentyabrın 26-da Media və Yayım Şurası da Türkiyənin media məkanında, xüsusilə sosial şəbəkələrdə yayılan paylaşımlarla bağlı bəyanat yaydı.

Şura Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlər haqqında mənfi təsəvvür yaratmağa yönələn əsassız iddiaların kütləvi hal almasından narahatlığını ifadə etdi.

Bəyanatda belə paylaşımların ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri olmadığı, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən məqsədyönlü kampaniyanın tərkib hissəsi olduğu bildirildi. Şura bu fəaliyyətlərin Türkiyə qanunvericiliyinin tələblərinə zidd ola biləcəyinə diqqət çəkdi.

Daha konkret məqam da vardı. Azərbaycan tərəfi kampaniyanın təşkilatçıları və icraçılarının ölkəyə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsini istisna etmirdi. Bu açıqlamanı narazılığın ifadəsi kimi qəbul etmək çox yanlış olardı. Əslində bəyanatın arxasında mümkün hüquqi və inzibati tədbirlərin müzakirəyə çıxarılması dayanırdı. Axı dövlətlərin işi təkcə yanlış məlumatları təkzib etməklə məhdudlaşmır. Etibarlı informasiya mühitinin qorunması da vacibdir.

Ankara nə dedi? Türkiyənin rəsmi mövqeyi niyə vacibdir?

Oktyabrın 9-da Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (Dezenformasyonla Mücadele Merkezi — DMM) Azərbaycan-Türkiyə münasibətlərini hədəfə alan paylaşımlarla bağlı açıqlama yaydı.

Mərkəzin məlumatında bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı möhkəm əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini hədəfə alan qərəzli və məqsədyönlü materialların müəyyən edildiyi bildirildi.

DMM belə paylaşımları iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağa, regional sülh və sabitliyi pozmağa hesablanmış informasiya manipulyasiyası kimi qiymətləndirdi.

Açıqlamada Türkiyə ilə Azərbaycanın ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində qurulan münasibətlərini bütün sahələrdə davam etdirdiyi vurğulandı. Həmçinin ictimaiyyət psixoloji müharibə məqsədi daşıyan materiallara inanmamağa və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırıldı.

Bu mövqe əhəmiyyətlidir. Çünki Türkiyə tərəfi məsələni yalnız Azərbaycana qarşı yönəlmiş narazılıq kimi təqdim etmədi. Dezinformasiyanın hədəflərindən birinin iki ölkə arasındakı strateji müttəfiqlik və regional sabitlik olduğunu açıq şəkildə vurğuladı.

Başqa sözlə, Ankara mesaj verdi ki, Azərbaycan-Türkiyə münasibətləri haqqında ictimai rəyi manipulyasiya etmək cəhdləri münasibətlərin mahiyyətini dəyişə bilməz.

Kürşad Zorlu: “Heç bir təxribat məqsədinə çatmayacaq”

Oktyabrın 10-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu da Azərbaycan-Türkiyə münasibətlərini zəiflətməyə yönələn paylaşımlardan narahatlığını ifadə etdi.

Zorlu türk dünyasının birliyini ifadə edən ortaq dəyərlərin və mədəni bağların Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının əsasını təşkil etdiyini bildirdi.

O, iki ölkə arasındakı münasibətlərin bugünkü səviyyəyə asanlıqla çatmadığını, bu yolda ciddi çətinliklərin yaşandığını və fədakarlıqlar edildiyini vurğuladı.

Zorlunun mövqeyində diqqət çəkən başqa bir məqam da vardı. O, qarşılıqlı tənqidi inkar etmədi. Bildirdi ki, tərəflər bir-birini tənqid edə, çatışmazlıqları dilə gətirə bilərlər və dövlət qurumları da bunu ən yüksək səviyyədə qarşılıqlı şəkildə edirlər. Ancaq onları birləşdirən böyük ideal hər şeydən üstün tutulmalıdır. Onun əsas mesajı belə idi ki, bu inam və məsuliyyətlə hərəkət edildikdə heç bir təxribat məqsədinə çatmayacaq. Zorlunun açıqlaması məhz bu baxımdan əhəmiyyətlidir. Bu yanaşma türk dünyasının gələcəyini düşünən hər kəs üçün strateji prinsipdir.

Bəs niyə bu cavablar daha tez verilmədi?

Bu suala cavab çox vacibdir. Nəzərə almaq lazımdır ki, informasiya müharibəsində vaxt məlumatın özündən də vacib olur. Saxta iddia ilk dəfə yayılanda onu təkzib etmək bir məsələdir, minlərlə insanın həmin iddianı paylaşmasından sonra həqiqəti izah etmək isə başqa məsələ.

İlk mərhələdə yanlış məlumatı mənbəyində dayandırmaq mümkündür. Sonrakı mərhələdə isə onun yaratdığı emosiyanı, şübhəni və qarşılıqlı etimadsızlığı aradan qaldırmaq lazım gəlir ki, bu da çox vaxt çətin olur.

Sosial şəbəkələrdə qərəzli paylaşımlar günlərlə yayıldıqdan sonra rəsmi açıqlamaların gəlməsi, təbii olaraq, bir sual yaradır: niyə belə kampaniyalara operativ reaksiya verən ortaq mexanizm əvvəlcədən mövcud deyil?

Doğrudur, rəsmi açıqlamaların verilməsi gecikmiş olsa belə, həmin açıqlamaların özünü əhəmiyyətsiz saymaq olmaz. Hər iki tərəfin mövqe bildirməsi informasiya kampaniyasına qarşı ortaq siyasi və institusional mövqe nümayiş etdirdi. Amma bəyanatların sayı ilə problemin həllini eyniləşdirmək olmaz. Əgər bir kampaniya əlaqələndirilmiş şəkildə aparılırsa, ona qarşı cavab da əlaqələndirilmiş olmalıdır. Əgər saxta hesablar, hədəfli reklamlar və manipulyativ materiallardan istifadə edilirsə, cavab siyasi bəyanatlarla məhdudlaşmamalıdır.

Azərbaycan və Türkiyə arasında informasiya təhlükəsizliyi üzrə əməkdaşlığın gündəlik işləyən, operativ və nəticəsi ölçülə bilən mexanizmə çevrilməsi zəruridir.

 

Qardaşlığı hədəfə alanların hesabı nədir?

Bu məsələyə aydınlıq gətirməzdən öncə ilk növbədə bir məqamı qəbul etməliyik. Azərbaycan-Türkiyə münasibətlərinin regional və beynəlxalq çəkisini unutmamalıyıq.

Şuşa Bəyannaməsi ilə ən yüksək müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr müdafiə, təhlükəsizlik, siyasi koordinasiya və digər strateji sahələrdə əməkdaşlıq üçün mühüm çərçivə yaradıb. İki ölkənin birgə mövqeyi Cənubi Qafqazda qüvvələr nisbətinə, nəqliyyat və enerji marşrutlarına, Türk Dövlətləri Təşkilatının perspektivinə təsir göstərir.

Belə bir münasibətin zəifləməsinin nəticələrini yalnız Bakı və Ankaranın mümkün itkiləri ilə məhdudlaşdırmaq ciddi yanlışlıqdır. Bu münasibətlər regionda fərqli geosiyasi maraqları olan aktorların da diqqət mərkəzindədir.

Azərbaycanla Türkiyənin bir-birinə etimadı azaldıqca, onların ortaq qərar verməsi çətinləşər. Birgə layihələrə ictimai dəstək zəifləyə, regional məsələlərdə koordinasiya imkanları məhdudlaşa bilər. Ən əsası, iki ölkənin birliyini öz gələcəyinin təminatı sayan insanlar arasında şübhə yarana bilər.

Deməli, qardaşlığı hədəfə alan informasiya hücumunun nəticələri sosial şəbəkələrdə mübahisə yaratmaqla məhdudlaşmaya bilər. Belə hücumlar strateji etimadı sarsıda bilər.

Ancaq burada təhlil tələb edən başqa bir məqam da var. Konkret kampaniyanın arxasında hansı dövlətin, təşkilatın və ya siyasi mərkəzin dayandığını sübutsuz şəkildə elan etmək inandırıcı görünməz. Azərbaycan və Türkiyə rəsmilərinin açıqlamaları kampaniyanın əlaqələndirilmiş xarakterinə diqqət çəkir, lakin bu, avtomatik olaraq hər hansı xarici dövlətin və ya qüvvənin həmin kampaniyanı idarə etdiyini sübut etmir. Bunu ayırd etmək vacibdir. Çünki biz informasiya manipulyasiyasına qarşı mübarizə aparırıqsa, özümüz də sübutla ehtimal arasındakı sərhədi qorumalıyıq.

Fars şovinizmi, Rusiyanın geosiyasi maraqları və erməni revanşizmi: kim qazanır?

Cənubi Qafqazda Azərbaycan-Türkiyə birliyinin güclənməsini öz maraqlarına uyğun görməyən siyasi dairələrin mövcudluğu sirr deyil. Lakin bu dairələrin maraqlarını təhlil etmək başqa, konkret sosial media kampaniyasını onların təşkil etdiyini iddia etmək başqadır.

İran daxilində fars şovinizmi üzərində qurulan, Azərbaycan türklərinin milli kimliyinə və türk dünyası ilə əlaqələrinə şübhə ilə yanaşan ideoloji çevrələr mövcuddur. Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsi bu çevrələrin üstünlük verdiyi siyasi təsəvvürlərlə ziddiyyət təşkil edir.

Rusiyanın Cənubi Qafqaz siyasətinə gəldikdə isə, Moskvanın regionda nüfuzunu qorumaq marağı ilə Azərbaycan və Türkiyənin müstəqil strateji əməkdaşlığının genişlənməsi arasında zaman-zaman ziddiyyət yarana bilər. Rusiya informasiya məkanında Azərbaycan-Türkiyə əlaqələrinə şübhə yaradan materialların mövcudluğu da bu kontekstdə araşdırılmalıdır.

Ermənistanda isə Azərbaycanla sülh prosesinə qarşı çıxan, keçmiş münaqişə reallıqlarının dəyişməsini qəbul etmək istəməyən revanşist siyasi dairələr var. Azərbaycan-Türkiyə müttəfiqliyinin zəifləməsi belə dairələrin maraqlarına uyğun nəticələr yarada bilər.

Burada əsas fikir odur ki, kim olmasından asılı olmayaraq, Azərbaycanla Türkiyənin münasibətlərinin pozulmasından siyasi və geosiyasi fayda götürə biləcəyini düşünən hər bir qüvvə bilməlidir ki, bu münasibətlərin taleyi sosial şəbəkələrdəki təhqirlərlə həll olunmur.

Bu ideoloji yanaşmalar və geosiyasi maraqlar təhlil oluna bilər, lakin onların mövcudluğu konkret kampaniyanın təşkilatçılarını müəyyənləşdirmək üçün yetərli sübut deyil.

Qardaşlığı müdafiə edərkən emosional düşmən obrazı yaratmaq əvəzinə, faktları üzə çıxarmaq lazımdır.

Fələstin məsələsi: qardaşlıq fərqli mövqelərə dözməyi bacarmalıdır

Azərbaycan-Türkiyə münasibətlərinə dair müzakirələrdə bəzən Fələstin və İsrail məsələsi də gündəmə gətirilir. Bu mövzu iki ölkənin xarici siyasətinin fərqli həssaslıqlarını anlamaq baxımından əhəmiyyətlidir.

Azərbaycan Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu və Fələstinin ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyir. Eyni zamanda, Azərbaycan İsraillə diplomatik münasibətlər saxlayır. Türkiyənin İsrail-Fələstin münaqişəsinə yanaşması isə öz siyasi prioritetləri, ictimai həssaslıqları və regional hesablamaları ilə formalaşır. Bu fərqləri qardaşlığın sınağına çevirmək heç bir tərəfə fayda gətirmir.

Azərbaycanın İsraillə münasibətlərini Türkiyəyə qarşı addım kimi təqdim etmək nə qədər yanlış olarsa, Türkiyənin Fələstin məsələsindəki mövqeyini Azərbaycana qarşı münasibət kimi yozmaq da bir o qədər yanlışdır.

Dövlətlər bütün beynəlxalq məsələlərdə eyni mövqedə dayanmağa məcbur deyillər. Müttəfiqlik hər bir beynəlxalq məsələdə eyni fikirdə olmaq anlamına gəlmir.

Qardaşlıq elə bir mənəvi yetkinlik tələb edir ki, tərəflər bir-birinin bütün qərarlarını bəyənməsələr də, bir-birinin dövlətçilik maraqlarını anlamağa çalışsınlar.

Azərbaycan Türkiyənin hər hansı regional məsələdə fərqli mövqe tutmasını avtomatik olaraq Azərbaycana qarşı addım saymır. Türkiyə də Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini özünə qarşı siyasi seçim kimi qiymətləndirməməlidir. Bu yanaşma strateji düşüncədir.

Şuşa Bəyannaməsi məsuliyyətdir

Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi və siyasi əsaslarından danışarkən Şuşa Bəyannaməsini xatırlamamaq mümkün deyil. 2021-ci il iyunun 15-də imzalanmış bu sənəd iki ölkənin müttəfiqlik münasibətlərini rəsmiləşdirən mühüm tarixi mərhələdir. Onun mənası yalnız müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdan ibarət deyil. Bəyannamə qarşılıqlı dəstək, siyasi koordinasiya və ortaq strateji baxışın əhəmiyyətini də ifadə edir.

Bu münasibətlərin əleyhinə olanlar üçün ən narahatedici məqam da məhz budur: Azərbaycan və Türkiyə təkcə tarixi yaxınlığı olan ölkələr deyil, ortaq maraqlarını siyasi və hüquqi çərçivəyə salmış müttəfiqlərdir.

Bu sənədin siyasi ruhu gündəlik kommunikasiya, informasiya təhlükəsizliyi və ictimai diplomatiya sahələrində də konkret əməkdaşlıqla tamamlanmalıdır.

İki ölkənin müttəfiqliyi dövlətlərarası sənədlərdə yaşayırsa, onun ictimai dayaqları da qorunmalıdır. Bu dayaqların adı etimad, qarşılıqlı hörmət və məsuliyyətli informasiya mühitidir.

Azərbaycan və Türkiyə qardaşlığı qorumaq üçün vahid sənəd imzalamalıdır
Son hadisələrin yaratdığı problemi yeni siyasi bəyanatla tam həll edilmiş saymaq olmaz. Ortaq fəaliyyət mexanizminin yaradılması vacibdir.

Azərbaycan və Türkiyə arasında informasiya təhlükəsizliyi və strateji kommunikasiya üzrə ayrıca ikitərəfli sənəd hazırlanması məqsədəuyğundur. Bu sənəd mövcud müttəfiqlik münasibətlərini tamamlamalı, dezinformasiya ilə mübarizədə səlahiyyətləri, prosedurları və qarşılıqlı öhdəlikləri aydınlaşdırmalıdır.

Belə bir sənəd ən azı aşağıdakı istiqamətləri əhatə edə bilər.

Operativ xəbərdarlıq mexanizmi olmalıdır. İki ölkənin aidiyyəti dövlət qurumları Azərbaycan-Türkiyə münasibətlərini hədəfə alan koordinasiyalı saxta məlumatlar barədə bir-birini dərhal məlumatlandırmalıdır. Bunun üçün daimi əlaqələndirici qrup və operativ kommunikasiya kanalı yaradılmalıdır.

Ortaq fakt yoxlama sistemi qurulmalıdır. İctimai rəydə sürətlə yayılan iddialar üzrə hər iki tərəfin məlumatları yoxlamasına, ilkin faktları tutuşdurmasına və zərurət yarandıqda eyni vaxtda açıqlama verməsinə imkan yaradan mexanizm qurulmalıdır.

Burada hüquqi əməkdaşlıq da çox vacib elementlərdəndir. Saxta hesablar, koordinasiyalı təhqir kampaniyaları, hədəfli manipulyasiya və qanun pozuntuları ilə bağlı materiallar müvafiq dövlət qurumlarına təqdim edilməlidir. Araşdırmalar milli qanunvericilik və hüquqi yardım prosedurları çərçivəsində aparılmalıdır. Qanun pozuntusu sübuta yetirildikdə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmi işə düşməlidir.

Media və rəqəmsal platformalarla əməkdaşlıq da yalnız kağız üzərində qalmamalıdır. Azərbaycan və Türkiyənin aidiyyəti qurumlarının media, fakt yoxlama təşkilatları və rəqəmsal platformalarla əlaqələri gücləndirilməlidir. Saxta hesabların, koordinasiyalı reklamların və manipulyativ məzmunların aşkar edilməsi üçün təcrübə mübadiləsi aparılmalıdır.

Böhran zamanı vahid kommunikasiya sistemi işə düşməlidir. İki ölkə arasında həssas mövzu gündəmə gəldikdə ictimaiyyətin suallarını cavablandıran, rəsmi məlumatları vaxtında təqdim edən və yanlış məlumatları təkzib edən ortaq kommunikasiya proseduru olmalıdır.

Ən mühüm məqam isə vətəndaşların qorunmasıdır. Bu mexanizm hökumətləri tənqid edən şəxslərin susdurulması üçün deyil, koordinasiyalı dezinformasiyanın və qanun pozuntularının qarşısını almaq üçün işləməlidir. Fikir azadlığı ilə qəsdən yayılan saxta məlumat arasında hüquqi sərhəd aydın müəyyənləşdirilməlidir.

Belə bir sənəd iki xalqın bütün məsələlərdə eyni fikirdə olmasını tələb etməməlidir. Məqsəd fikir ayrılıqlarından istifadə edərək qardaşlığı dağıtmağa çalışan kampaniyaların qarşısında dayanıqlı müdafiə sistemi yaratmaqdır. Qardaşlıq emosional məqamlarda hisslə yaşaya bilər, amma böyük geosiyasi təzyiqlər qarşısında hissin yanında mexanizmə də ehtiyac var.

Türk Dövlətləri Təşkilatının gələcəyi də bu münasibətlərdən keçir

Azərbaycan-Türkiyə münasibətlərini ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirmək doğru olmaz. Bu münasibətlər türk dövlətləri arasında əməkdaşlığın əsas sütunlarından biridir.

Türk Dövlətləri Təşkilatının perspektivi iqtisadi inteqrasiyadan nəqliyyat bağlantılarına, enerji təhlükəsizliyindən ortaq mədəni və informasiya məkanına qədər geniş sahələri əhatə edir.

Azərbaycan və Türkiyə münasibətləri barədə sosial şəbəkələrdə yayılan əsassız iddiaların siyasi böhrana çevrilməsi ehtimalı türk dünyasının informasiya təhlükəsizliyi üçün də xəbərdarlıqdır.

Təsəvvür edək ki, sabah eyni üsullarla Qazaxıstanla Özbəkistan, Qırğızıstanla Azərbaycan, Türkiyə ilə başqa bir türk dövləti arasında etimad böhranı yaratmağa çalışırlar. Hər dəfə tərəflər hadisə böyüdükdən sonra bəyanat verməli olacaqlarmı? Yoxsa türk dövlətləri ortaq informasiya məkanını qorumaq üçün qabaqlayıcı mexanizm quracaqlar? Bu məsələyə birdəfəlik aydınlıq gətirmək təşkilatın gələcək gücünü müəyyənləşdirə bilər.

Türk dünyasının birliyi zirvə görüşlərində çəkilən fotolardan, imzalanan sənədlərdən və səsləndirilən şüarlardan ibarət olmamalıdır. Bu birlik gündəlik həyatda, informasiya mühitində, iqtisadi əməkdaşlıqda və qarşılıqlı etimadda hiss edilməlidir.

Ən mühüm cavabı kim verdi?

Bu hadisələrdə bir məqam xüsusilə diqqət çəkir: sosial şəbəkələrdəki mübahisələr bütün Azərbaycan və Türkiyə vətəndaşlarının bir-birinə münasibətini əks etdirmir. Fərqli fikirlər səsləndirildi, narazılıqlar oldu, bəzən sərt sözlər yazıldı. Ancaq milyonlarla insanın bir-birinə münasibətini ayrı-ayrı hesabların paylaşdığı iddialarla ölçmək mümkünsüzdür. Çünki Azərbaycan-Türkiyə münasibətləri bir günlük siyasi hadisənin məhsulu deyil.

Bu münasibətlərin arxasında tarixi yaddaş, ailə bağları, ortaq dil, mədəniyyət, çətin günlərdə göstərilən dəstək və gələcəyə dair ortaq ümidlər dayanır.

Anlamaq lazımdır ki, azərbaycanlı üçün Türkiyə heç vaxt xəritədəki qonşu dövlət olmayıb. Türkiyəli üçün Azərbaycan adi dost ölkə olmayıb. Bu yaxınlığın siyasi məzmunu olduğu kimi, insani məzmunu da var. Hətta insani məzmunu əbədidir.

Bu yaxınlıq isə böyük məsuliyyət yaradır. İnsanlar bir-birini nə qədər çox sevirlərsə, onların arasına şübhə salmaq istəyənlərin də istifadə edə biləcəyi emosional zəmin bir o qədər həssas olur.

Buna görə Azərbaycan və Türkiyə vətəndaşları bir-birinə qarşı yayılan hər iddianı yoxlamalı, təsdiqlənməmiş məlumatı həqiqət kimi paylaşmamalı, dövlətlərin maraqlarını ayrı-ayrı sosial media hesablarının emosiyalarından fərqləndirməyi bacarmalıdırlar.

Hər bir vətəndaşın üzərinə düşən məsuliyyət var. Çünki bəzən bir paylaşımın arxasında kimin dayandığını bilmirik, amma onun yaratdığı nəticəni öz ətrafımızda görə bilirik. Bir cümlə münasibətləri yaxşılaşdıra, bir yalan isə insanların illərlə qurduğu etimadı zədələyə bilər.

Qardaşlıq təkcə sevilməməli, qorunmalıdır

Azərbaycan və Türkiyə münasibətlərini hədəfə alan son informasiya kampaniyası bir həqiqəti yenidən göstərdi: strateji müttəfiqlik nə qədər güclü olsa da, informasiya məkanında yaranan boşluqlar diqqətsiz buraxıla bilməz.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının bəyanatı, Azərbaycan Respublikası Media və Yayım Şurasının xəbərdarlığı, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlaması və Kürşad Zorlunun mövqeyi mühüm siyasi mesajdır. Bu açıqlamaların mesajı budur ki, iki ölkənin münasibətlərini manipulyativ paylaşımlarla dəyişmək mümkün deyil. Ancaq bu mesaj əməli addımlarla tamamlanmalıdır.

Azərbaycan və Türkiyə qardaşlığı hədəfə alan koordinasiyalı informasiya kampaniyalarına qarşı ortaq sənəd hazırlamalı, operativ məlumat mübadiləsi qurmalı, qanuni tədbirlərin görülməsini təmin etməli və ictimaiyyətin düzgün məlumatlandırılması üçün davamlı mexanizm yaratmalıdır. Belə bir sənəd iki ölkənin vətəndaşlarının qarşılıqlı etimadını qoruyan hüquqi çərçivə yaratmalıdır.

Qardaşlığı pozmağa çalışanlar bir şeyi anlamalıdırlar: Azərbaycanla Türkiyənin münasibətləri sosial şəbəkələrdə qurulmayıb ki, bir neçə paylaşım vasitəsilə dağıdılsın. Bu münasibətlər tarixin sınaqlarından keçib, insanların yaddaşında kök salıb və dövlətlərin strateji maraqları ilə möhkəmlənib.

Azərbaycanla Türkiyə arasına şübhə salmaq istəyənlərə ən böyük cavab iki xalqın bir-birinə daha çox inanması, iki dövlətin isə həmin inamı qorumaq üçün daha sıx əməkdaşlıq etməsidir.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi keçmişdən gələn yaddaş, bu günün məsuliyyəti və gələcəyə ünvanlanan vəddir. İndi əsas məsələ həmin vədi qorumaqdır.

Modern Araşdırma və Təhlil Qrupu

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər