
Milli Şura üzvləri özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xaqani Hüseynov arasında telefon danışığının yayılmasına münasibət bildiriblər.
Hüquqşünas Vidadi Mirkamal Modern.az-a deyib ki, həmin danışıqda nə Milli Şuranın, nə də Mehman Əliyevin əleyhinə hüquqi müstəvidə bir şey var: “Sadəcə, kimsə zəng edib, Mehman bəy də dəqiqləşdirmə aparıb. O məsələ müzakirə olunanda, Milli Şura fəaliyyətsiz durumda idi. Yəni bu, Milli Şuranın fəaliyyəti ilə bağlı deyil. Mehman Əliyev ölkənin tanınmış ziyalılarından biridir. O, QHT-lərlə işini qurmuş bir adamdır. Ola bilər ki, Mehman Əliyevin Milli Şurada qalması hakimiyyətdəkiləri narahat edir, buna görə də onun reputasiyasına xələl gətirməyə çalışırlar”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib ki, Azərbaycan hakimiyyətindən hər şey gözləmək olar: “Bunu nə mənəviyyat, nə də hüquqi çərçivədə müəyyənləşdirmək olmaz. Həmin səs yazısı ilə mən də tanış olmuşam. Orada Mehman Əliyevə qarşı hər hansı tədbir görmək üçün əsas yoxdur. Çünki Mehman Əliyev orada hansısa öhdəliyi götürməyib. O, sadəcə, məlumatı dinləyib. Buna görə Mehman Əliyevin günahlandırılması absurddur”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu səs yazısının yayılmasının Milli Şuranın əleyhinə olmasının işartısı olduğunu bildirib: “Mehman bəy bununla açıqlama bağlı verdi. Düşünürəm ki, onun açıqlamaları əsaslıdır. Danışıqdan bir ay ötəndən sonra onu yaymaq narahatlıq doğurur. Bunun Milli Şuranın əleyhinə olması perspektivi sıfırdır. Ona görə ki, Mehman bəy yalnız dinləyir. Həm də bəlli oldu ki, Mehman bəylə danışan adam beynəlxalq təşkilat təmsilçisi deyil. Onsuz da Milli Şuraya qarşı kampaniya aparılır”.
“El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev də məsələnin nə Milli Şuraya, nə də Mehman Əliyevə təsir edəcəyini deyib: “Mehman Əliyevin şəxsiyyəti o qədər təmizdir ki, bunlar ona yapışmayacaq. Bu cür hallar çox olacaq. Milli Şuraya qarşı cürbəcür planlar işləniləcək. Quruma zərbə vurmağa çalışırlar. Mənə elə gəlir ki, bunlar hamısı boş şeydir”.
Qeyd edək ki, telefon danışığında Yevgeni adlı şəxs Mehman Əliyevə Azərbaycanda bir neçə qurumla əməkdaşlıq etmək fikrində olduqlarını deyib. Yevgeni “Freedom Hause” təşkilatının adından danışaraq, bildirib ki, bu qurum növbəti prezident seçkilərinədək müəyyən təşkilatlarla işləmək, onlara 5 il dəstək vermək niyyətindədirlər. M.Əliyev isə qarşı tərəfin dediklərində dəqiqləşmələr aparır. Sonda M.Əliyev danışıqdan imtina edir. “Turan”ın direktoru telefon danışığı ilə bağlı mətbuata bunları deyib:
“Dekabrın 29-da axşam saat 10-da mənə belə bir zəng gəlib. Dedilər ki, ATƏT-dən mənimlə danışmaq istəyən var. Mən də "buyurun" dedim. Həmin şəxs birdən-birə başladı ki, ATƏT-in Vilnüs sammitində iştirak edib, orada görüşlər keçirib, artıq Ukraynada hakimiyyətin dəyişməsi ilə bağlı qərar verilib. Azərbaycanla bağlı hələlik belə bir qərar yoxdur. Ancaq narahatlıq var. Narahatlıq da ondan ibarətdir ki, əgər Azərbaycanda qarışıqlıq olsa, islamçılar aktivlik göstərə bilər. Proses Suriya variantı üzrə davam edə bilər. Ona görə də Qərb Azərbaycanda inqilabı şərait yaranmasını ümumiyyətlə istəmir. Qərb istəyir ki, Azərbaycanda demokratiyaya keçidi, vətəndaş cəmiyyətinin güclənməsi ilə həyata keçirsin. Mən soruşdum ki, məndən istəyiniz nədir? Cavab verdi ki, qrant veriləcək; qeyri-hökumət təşkilatlarının siyahısını müəyyən etmək istəyirlər. Mən belə başa düşdüm ki, söhbət daha çox Qərb dəyərlərinin Azərbaycana gətirilməsindən, eləcə də maariflənmə işinin sürətlənməsindən, qərbyönümlü təbəqəni gücləndirməkdən gedir. Əslində belə bir məsələ ilə bağlı mənə müraciət edilməsi gözlənilməz idi. Telefon söhbətindən də görünür ki, mən az danışıram və daha çox dinləyirəm. Çünki qarşı tərəf danışdıqca mən durumu əlüstü təhlil etdim və bəzi şübhələrim yarandı... Ona görə də artıq söhbəti davam etdirmək istəmədim. Ondan sonra da mənə heç bir zəng olmayıb.Bu gün də aydın oldu ki, şübhələrim əsassız deyilmiş".
İlkin