
“Freedom House” təşkilatının açıqladığı növbəti hesabatda Azərbaycana qarşı ərazi təxribatına yol verilib. Belə ki, Azərbaycanın işğal altında olan ərazilərində yaradılan qondarma Dağlıq Qarabağ Respublikası qismən azad ölkələr siyahısına salınıb. Qeyd edək ki, ümumiyyətlə, sözügedən beynəlxalq təşkilat mütəmadi olaraq Azərbaycan haqqında qərəzli hesabatlar açıqlayır. Modern.az məsələ ilə bağlı mövqeləri öyrənib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, ümumiyyətlə, adıçəkilən qurum beynəlxalq təşkilat sayılmır: “Beynəlxalq təşkilat olmadığı üçün Azərbaycan “Freedom House”a öz rəsmi etirazını bildirmir. Bu, xarici ölkənin qeyri-hökumət təşkilatıdır. Hər il bu təşkilat Azərbaycanla bağlı yalan, qərəzli, böhtan xarakterli materiallar yayır. Vaxtaşırı bu təşkilatın materiallarına istinad edən Azərbaycanın müxalifət dairələri indi də onu müdafiə edəcəklər? Qısa bir müddət ərzində “Human Right Watch”, Leyla Yunus və “Freedom House” Azərbaycanla bağlı hesabatlarını yayırlar. Hər üçündə Azərbaycan haqqında yalan məlumatları görmək mümkündür. Bunların eyni vaxtda vahid mövqedən çıxış etməsi təsadüfi deyil. Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyyətin gərginlədiyi bir zamanda bunlar bəyanat yayırlar. Onların Azərbaycanda vətəndaş hüquqlarının qorunmasında heç bir marağı yoxdur. Məqsəd Azərbaycanı demokratiya yolundan kənarda qoymaq və ölkəni digər dövlətlərin təsiri altına salmaqdır. Məsələnin kökündə xaricdəki erməni millətçi dairələrinin təxribatı dayanır. Bu iki təşkilatın özəl mənbələrdən maliyyələşməsi haqqında internet səhifələrində məlumatlar var. Amma bu özəl mənbələrin kimliyi heç vaxt açıqlanmır. Heç bir halda istər Leyla Yunus, istərsə də digər iki təşkilatın hesabatları Azərbaycanda daxili siyasi vəziyyətə təsir edə bilməz”.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, “Freedom House”un Azərbaycanın milli maraqlarına zidd hesabatlarının arxasında bəzi ölkələr dayanır: “Ona görə də bu məsələdə onların obyektivliyinə həmişə şübhə gətirən nüanslar var. Ola bilsin ki, insan haqları kontekstində nələrisə qeyd edə bilərlər. Amma faktiki olaraq arxa planda Azərbaycanın əleyhinə bir fəaliyyətin görüntüləri onların hesabatlarında yer alır”.
ADP sədri Sərdar Cəlaloğlu da “Freedom House” haqqında tənqidi fikirlər səsləndirib: “Azərbaycanın işğal olunmuş ərazilərinin müstəqil qurum kimi göstərilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Məsələnin belə qoyuluşu Azərbaycan-Ermənistan arasındakı münaqişənin tənzimlənməsinə mane olur. Əgər bu təşkilat belə bir addım atıbsa, ən böyük səhvi edib. “Dağlıq Qarabağ” adında bir ölkə yoxdur. Ona görə də onun azadlığı və ya qeyri-azadlığı haqqında fikir söyləmək düzgün deyil. Bu ərazilər faktiki olaraq Azərbaycan və Ermənistanın hərbi qüvvələrinin nəzarəti altındadır. “Freedom House” BMT-də müstəqil dövlət kimi tanınan ölkələr haqqında rəy verə bilər”.
Aqşin Kərimov