
Azərbaycan Xarici İşlər Nazirliyi Freedom House təşkilatının illik hesabatına münasibət bildirib.
Modern.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin bununla bağlı açıqlamasında deyilir:
"Özünü insan hüquqlarının və fundamental azadlıqların “keşikçisi” kimi təqdim etməyə çalışan Freedom House təşkilatı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumaraq, azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləmə siyasətinə, insanlığa qarşı cinayətlərə, yerli Azərbaycan əhalisinin kütləvi şəkildə öz torpaqlarından zorla qovulmasına və sülh danışıqlarına xələl gətirən Ermənistanın təxribatçı əməllərinə qiymət vermək əvəzinə, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi “qiymətləndirilmə cədvəli” nə daxil etməsi o
təşkilatın qərəzliliyini, bəyan etdiyi ali ideallardan tamamilə uzaq olduğunu və Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşaraq, əslində təzyiq etmək siyasəti güddüyü qabarıq şəkildə biruzə verir. Bu cür yanaşma ilə Freedom House təkilatı və onun himayədarları öz qərəzli
mövqelərini və həqiqi simalarını bir daha ortaya qoymuş olurlar".
Modern.az