Azərbaycanın BMT-dəki nümayəndəliyində BMT-nin baş katibinin mayın 23-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən “parlament seçkiləri” ilə bağlı əks etdirən rəsmi məktub daxil olub.(AzərTAc)
Məktubda Azərbaycan tərəfi əmin edilib ki, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də keçirilən “parlament seçkilərinə” BMT cəlb olunmayıb. Həmçinin bu qeyri-qanuni “seçkilərin” heç bir qüvvəyə malik olmayan nəticələrinin BMT tərəfindən tanınmadığı vurğulanıb və Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğu birmənalı şəkildə təsdiq edilib.
Baş katib məktubunda ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları prosesində son zamanlar müşahidə olunan müsbət dinamikadan məmnun olduğunu, Ermənistan və Azərbaycanın bu imkandan istifadə edərək problemin nizamlanması prosesində irəliləyişə nail olacaqlarına ümid bəslədiyini qeyd edib.