
Novruz bayramı günlərində kommunal xidmət qurumları gücləndirilmiş iş rejimində çalışacaq.
“Bakıelektirikşəbəkə”nin mətbuat xidmətindən Tanrıverdi Mustafayev Modern.az-a açıqlamasında martın 17-dən başlayaraq ASC-nin bu rejimə keçəcəyini bildirib.
“Artıq sərəncam imzalanıb. Xüsusilə bayram şənlikləri olacaq yerlərdə əlavə texnika və işçi qrupu ayrılacaq. Təmir-tikinti aparılan yerlərdə işlər müvəqqəti olaraq dayandırılacaq. Narazılığı olan abonentlərimiz 24 saat ərzində qəza xidmətinə müraciət edə bilərlər. Yeganə problem borcların ödənməsinlər. Bu haqda artıq abonentləri məlumatlandırmışıq. Martın 17-dən etibarən borclu abonentlərə elektrik verilişi dayandırılacaq”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev martın 19-dan 27-dək gücləndirilmiş iş rejimində işləyəcəklərini bildirib. “Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, 185 nömrəli “qaynar xətt”in və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək, yerli qaz istismar sahələrinin məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” bütün təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edirik”.
“Azərsu”yun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ASC rəhbərliyinin növbətçilik cədvəli tutulub. Həmin cədvələ uyğun olaraq idarə aparatında 24 saatlıq növbəlik yaradılacaq. Abonentlərin su təchizatı əvvəlki qaydada həyata keçiriləcək. Fasiləsiz su alanlar fasiləsiz, qrafiklə su alan abonentlər isə qrafikə uyğun olaraq su ilə təmin olunacaq. “Çalışacağıq ki, vətəndaşlarımız bayramı xüsusi əhval-ruhiyyədə keçirsinlər, çətinlikləri olmasın. Vətəndaşlardan xahiş edirik ki, hər hansı yerdə su sızması, boru partlaması kimi hallar görsələr, dərhal bizi 955 mərkəzinə müraciət etsinlər”.
Gülşən Raufqızı