Milli Məclisin üzvü, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüş keçirib.
Millət vəkilinin köməkçisinin Modern.az saytyına verdiyi məlumata görə, bundan əvvəl o, Saatlı rayonunda da seçicilərlə görüşüb. 65 saylı dairədən deputat seçilən akademik Ə.Əmiraslanov seçicilərin müraciətləri ilə tanış olub, onların problemləri ilə maraqlanıb.
YAP Sabirabad rayon təşkilatında keçirilən görüşdə əvvəlcə millət vəkili Əhliman Əmiraslanov çıxış edərək son illər respublikamızda əhalinin rifahının yüksəldilməsi üçün görülən işlərdən danışıb.
Daha sonra görüşdə iştirak edən seçicilər müxtəlif səpkidə problemləri ilə əlaqədar deputata müraciət ediblər. Rayon sakinləri bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər.
Sabirabadlı seçicilər həmçinin səhiyyə sahəsində müəyyən yardım istəyiblər. Əhliman Əmiraslanov bəzi məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib.
Modern.az