““2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial inkişafı proqramı”na əsasən, 245 saylı məktəbin də əsaslı təmiri nəzərdə tutulub. Təmirdən əlavə, 20 sinif otaqlı korpusun tikilməsi də planda var”. Bunu Modern.az-a açıqlamasında Xətai rayonu İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov bildirib.
“Müəllim və valideynlər sadəcə təmirin gecikməsindən narazıdırlar. Prezidentin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə məktəbi təmir edəcək qurum Bakı Şəhər İcra hakimiyyətidir. İcra Hakimiyyəti də Təhsil Nazirliyinə müraciət edib. Lakin Mikayıl Cabbarovun əmri olmadığı üçün heç bir məktəbdə əsaslı təmir başlanılmır. Yəni təmir edən Bakı Şəhər İcra hakimiyyəti, icazəni verən isə Təhsil Nazirliyidir. Bu məsələdə bizlik heç nə yoxdur. Məktəbin direktoruna da bu haqda məlumat verilib və o da kollektivinə məsələni aydınlaşdırıb”.
Qeyd edək ki, Bakının Xətai rayonu 245 saylı orta ümumtəhsil məktəbinin müəllimləri və şagirdlərin valideynləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə bağlı qərar qəbul ediblər. Etirazçılar 2 il əvvəl bu təhsil ocağının təmiri ilə bağlı təsdiqlənmiş layihənin hələ də icra olunmamasından narazıdırlar.
Gülşən Raufqızı