
Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi, gənc fəal Bəxtiyar Hacıyev haqqında cinayət işi açılıb. Bu barədə B.Hacıyev öz məlumat verib. Bildirib ki, Türkiyə vətəndaşının şikayəti əsasında ona qarşı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb:
"Məndən şikayətçi olanlar türk iş adamı Nurettin Eres və onun həyat yoldaşı Məlahət Əhmədovadır. Bu adamlar müxtəlif şəxslərdən böyük miqdarda borc pul alıblar. Məndən də 30 min manat alıblar. Bakıda "Fənərbaxça" Futbol Klubunun məktəbini açıblar. Pulun qaytarılacağına zəmanət kimi və ölkədən çıxmayacağına təminat vermək üçün bu ilin yanvarında pasportunu mənə verib, İndi də həyat yoldaşı polisə şikayət edib ki, “ərimə qarşı zor tətbiq ediblər, sənədlərini güclə əlindən alıblar”-deyə B.Hacıyev qeyd edib.
Bəxtiyar Hacıyev bu gün Nərimanov Rayon Polis İdarəsində ifadə verib. Daha sonra o, hadisə haqda daha geniş açıqlama verib:
"Türkiyə vətəndaşı Nurettin Eresi liseydə oxuduğum illərdən tanıyıram. O, keçən il mənimlə əlaqə saxladı, dedi ki, işlədiyi "Makro2000" şirkətinə bir məktəb tikintisi sifarişi verilib, şirkət o işi görmək istəməsə də, Nurettin Eres özü müstəqil şəkildə bu işi görmək istəyir, amma onda lazım olan pul yoxdur. Mən ona dedim ki, pulu yoxdursa, getsin bankdan kredit götürsün və iş görsün. Nurettin bildirdi ki, dinə görə faiz vermək haramdır və o haram pulla iş görmək istəmir. Onun dindar olduğunu bilirdim və inandım. Başqa bir tanışıma bu barədə danışanda o bildirdi ki, əgər Nurettin belə halal adamdırsa, ona 1-2 aylıq kömək etmək olar. Ona borc verildi.
Sonradan, Nurettin aradan çıxdı, dəfələrlə zəng etdim, cavab vermədi, qaçdı. Həyat yoldaşı, aktrisa (Pərvanələrin rəqsi serialında Xatirə rolunda oynayan) Mətanət Əhmədovaya zəng etdim, ərinin yerini soruşdum, dedi ki, ərinin yerini bilmir, bu məsələlərə qarışmır. Nurettinlə yanvarın 17-də görüşdük, mən dedim ki, sənə artıq inanmıram, bu gün-sabah qaçıb gedəcəksən ölkədən. O da məktub yazaraq, pasportunu ofisimizdə qoydu və dedi ki, 5 gün içində borcunu qaytaracaq.
Sonradan öyrəndim ki, Nurettin dələduzluqla məşğuldur, bir çox vətəndaşın etibarından sui-istifadə edib, pullarını alıb və qaçıb. Bu barədə dəfələrlə müxtəlif qurumlara, DİN-ə, 102-yə, bir neçə rayonun polis şöbəsinə müraciət etdim, hər dəfə də ondan izahat alırdılar, o da söz verirdi ki, bir neçə günə qaytaracaq. O gün də öyrəndim ki, o, aldatdığı adamlardan aldığı pullarla Bakıda "Fənərbaxça"nın futbol məktəbini açıb, lisenziya üçün pul verib. Məktəbin yerləşdiyi yerə getdik, ondan pulunu qaytarmağı tələb etdim, sonra kənara getdik, sonra da mən "Fənərbaxça" Futbol Klubu ilə bağlı sənədlərə baxmaq istədiyimi dedim. O da, könüllü olaraq, məktub yazaraq və imzalayaraq sənədləri mənə verdi.
Sənədlərdən məlum oldu ki, Nurettin pasportunu bizə verib, sonra yeni pasport çıxartdıraraq müxtəlif tarixlərdə Türkiyəyə və İraqa gedərək "Fənərbaxça"ya pullar köçürüb və Azərbaycanda futbol məktəbini qurub. Bütün bu dələduzluqlarının üzə çıxacağını bilən ər və arvadı özlərini aktrisalığa və dələduzluğa qoyaraq, utanmadan, mənəviyyatsızcasına və abırsızcasına şər-böhtanla polisə müraciət edirlər. Polisdə isə dərhal cinayət işi açırlar ki, o, Türkiyə vətəndaşıdır.
İndi yenə də onun dələduzluğu ilə bağlı sənədləri Nərimanov Polis idarəsinə təqdim edəndə, deyirlər ki, bizi onun dələduzluğu maraqlandırmır, sən niyə onun sənədlərini almısan, niyə ondan güclə tələb etmisən və s? Xuliqanlıq maddəsi ilə iş açıblar. İfadə verməyə getmişdim, getdim gördüm ki, mənim üçün də asan ifadə xidməti təklif ediblər, suallar və cavablar qarşı tərəfin ifadəsi əsasında hazırlanıb, yazılıb.
Gözləyirəm görək, hara qədər və necə davam edəcək?".
Modern.az