Modern.az

“Kinomuzda “təsadüfi” məşhurlar” - Hansı filmdə Azərbaycan baş nazirinin müavini çəkilib?

“Kinomuzda “təsadüfi” məşhurlar” - Hansı filmdə Azərbaycan baş nazirinin müavini çəkilib?

Təhsil

18 Aprel 2014, 12:06


Modern.az
saytı “Kinomuzda “təsadüfi” məşhurlar” rubrikasını bu dəfə fərqli biçimdə təqdim edir. Əvvəlki yazılarımızda hər hansı bir məşhur insan təsadüf nəticəsində çəkildiyi film haqqında ya özü danışır, ya da kim isə bu barədə xatirələrini dilə gətirib. Bu yazıda isə bir deyil, bir neçə təsadüfi məşhur yer alacaq. 1978-ci ildə lentə alınan “Dantenin yubileyi” filmində Azərbaycan mədəniyyətinin qaymaqları özlərini aktyor kimi sınayıblar. Bu sınaqçıların arasında xalq yazıçıları Anar, Elçin, məşhur rəssam Toğrul Nərimanbəyov, bəstəkar Emin Sabitoğlu, rejissorlar Vaqif İbrahimoğlu, Eldar Quliyev və Oqtay Mirqasımov çəkilib.

1960-cı illər Azərbaycan nəsri özünün  ən pik nöqtəsinə qalxdı. Bu dönəmdə ayrı-ayrı yazıçılar tərəfindən bir-birindən dəyərli əsərlər yarandı. Xalq yazıçısı Anarın 1968-ci ildə yazdığı “Dantenin yubileyi” əsərini də “60-cıların” möhtəşəm siyahısına əlavə etmək olar. Povest və xüsusilə onun baş qəhrəmanı Feyzulla Kəbirlinski o qədər müsbət qarşılandı ki, düz on ildən sonra, yəni 1978-ci ildə  onun film versiyasını da yaradıldı. Filmin ssenari müəllifi və rejissorlarından biri elə yazıçı Anarın özü idi. Digər rejissor isə Gülbəniz Əzimzadə olub.

Film sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafı özündə çox gözəl əks etdirir. 

Burada  qocaman teatr aktyoru Kəbirlinski barəsində söhbət açılır. Kəbirlinski  (Həsənağa Turabov)  epizod aktyorudur. İstedadı olmasa da teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət, aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır. Doğrudur, əsərlə film arasında bəzi fərqli məqamlar olsa da hər ikisinin ötürdüyü sosial mesajlar təqdirəlayiqdir.

Filmin özəlliklərindən biri də odur ki, rejissor burada xeyli debütlərə yer ayırıb. Belə ki, ilk dəfə olaraq rejissorlar Oqtay Mirqasımov (tənqidçi Yalçın Əfəndiyev), Vaqif İbrahimoğlu ( Eldar Ələsgərov), Eldar Quliyev (tamaşaçı), yazıçılardan Elçin və Anarın özü (hər ikisi tamaşaçı), incəsənət xadimlərindən bəstəkar Emin Sabitoğlu və rəssam Toğrul Nərimanbəyov aktyor kimi  çıxış ediblər.

Təbii ki, bunların arasında Vaqif İbrahimoğlu və Oqtay Mirqasımovu xüsusi qeyd etmək lazımdır. Rejissor Vaqif İbrahimoğlu filmdə Kəbirlinskinin  oğlu Eldar Ələsgərov rolunu ifa edir.  Eldar fərsiz aktyor, sənətdə və həyatda öz yerini tapa bilməyən bir insanın oğludur. Nə qədər istedadlı və çalışqan olsa da atasının sayəsində ona da ətrafda mənfi münasibət göstərilir. Hətta sevdiyi xanım Sevil də onu deyil,

Oqtay Mirqasımovun canlandırdığı Yalçın obrazını sevir. Daha doğrusu onu seçir. Çünki Yalçın tanınıb-seçilən bir insanın oğludur, Eldar isə Kəbirlinskinin. Hər iki rejissor öz rolunun öhdəsindən çox gözəl  gəlir. Təsadüfi  deyil ki, anar sonradan lentə aldığı “Qəm pəncərəsi”  filminə də Vaqif İbrahimoğlunu dəvət edir.

V. İbrahimoğlu filmdə əsas mənfi obraz olan Xudayar bəyi canlandırır. Oqtay Mirqasımov isə aktyor kimi debüt etdiyi Yalçın obrazını çox gözəl təqdim edə bilir. O, 70-ci illərin gəncidir, sənəti sevir, sayılıb-seçilən bir ailənin övladıdır. Hər tərəfli təmin olunan bir gənc obrazını Mirqasımov ustalıqla canlandırmağı  bacarır.


Filmin digər təsadüfi ulduzları isə xalq yazıçıları Anar və Elçindir (Hazırda baş nazirin müavini). Onlar tamaşadan sonrakı müzakirə zamanı iclasda çıxış edən iştirakçıdırlar. Yalçının Kəbirlinski barədəki çıxışına maraqla və gülümsəyərək qulaq verirlər. Amma yazıçılar tək deyil. Yanlarında digər bir eynəkli iştirakçı da var. Bu da klassik estrada musiqisinin gözəl bəstəkarı Emin Sabitoğludur.

Bəstəkar filmdə tək bu yerdə gözə  dəymir. İclas bitəndən sonra foyedə teatrın divarlarındakı şəkillərlə tanış olan iştirakçı da məhz, Emin Sabitoğludur. Bəstəkarı şəkillərlə tanış edən rəssam isə Toğrul Nərimanbəyovdur. O, həqiqətən də özünü o rolda əks etdirir. Şərq həyatı ilə Qərb realizmini əsərlərində sintez edən Nərimanbəyov obrazı heç vecinə də almır. Emin Sabitoğluna şəkilləri ürəkdən əsl mütəxəssis kimi təqdim edir.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı