Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2012-ci il aprel ayının 12-də istifadəyə verilmiş “Ağstafa Aqroservis” MMC Almaniya istehsalı olan “CLASS”, “LEMKEN”, “GRİMME”, “FLİGL”, “RAUCH”, “SCHMOTZER”, “FANTİNİ” markalı texnikalarla təchiz edilmiş və 14 min hektar torpaq sahəsinə xidmət göstərmək gücünə malikdir. Burada ümumilikdə 75 traktor, qoşqu və digər texnika növləri var. Bu cür kənd təsərrüfatı texnikaları Cənubi Qafqazda yalnız “Ağstafa Aqroservis” MMC-də mövcuddur. Həmin texnikaların əksəriyyəti eyni zamanda 4-5 əməliyyat yerinə yetirə bilir. Müəssisənin ixtiyarında hənçinin üç mobil servis maşını da vardır ki, bu avtomobillər istənilən yerdə texnikaya xidmət göstərmək üçün kompyüter və digər zəruri avadanlıqla təchiz edilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə sözü gedən müəssisədə yanğına qarşı təbliğat günü keçirib. “Ağstafa Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətdə keçirilən yanğına qarşı təbliğat günündə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyyələr verilərək yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.

