““Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun müzakirəsinə ehtiyac var”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib.
“Çox vaxt istintaqın gəldiyi nəticələr özünü təsdiq etməyəndə insanlar əsassız olaraq daha çox həbs yerlərində saxlanılırlar. Təklif edirəm ki, bu məsələni təklif kimi nəzərə alsınlar”.
Bundan sonra deputat Sərsəng su anbarında yaranmış təhlükə ilə bağlı danışıb.
“Elxan Süleymanovun təşəbbüsü ilə çox ciddi müzakirə sənədi qəbul olunub. Bu sənəd Azərbaycanın milli maraqlarına təsir edən bir məsələdir. Xahiş edirəm, Yevlax, Bərdə Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərsinlər. Çünki iyulun 12-də Nikosiyada bu məslə ilə bağlı məruzəçi təyin olunacaq. Həmin məruzəçinin materiallarla təmin olunması vacibdir . Sərsəng su anbarının hündürlüyü 128 metrdir. Ermənilər hər hansı təxribat törətməsələr belə hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan vətəndaşı bir saat ərzində məhv olma təhlükəsi qarşısındadır. Odur ki, məruzəçinin gəlişi ərəfəsində onun materiallarla təmin olunmasına ehtiyac var. Təhlükəni önləmək üçün hamının vacib addımlar atması lazımdır”.
Gültəkin ƏLƏSGƏR