
““NİDA”çı uşaqları öyrədib əlinə “Molotov” kokteyli, dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını dolduran, qızışdıranlar məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər”.
Modern.az-ın məlumatına görə, bunu İqbal Ağazadənin amnistiya təklifinə cavab olaraq YAP-çı deputat Siyavuş Novruzov bildirib.
“Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin haradandır? Məhkəmənin hökmü verilməmiş indidən məhkəmənin çıxaracağı qərarın üzərinə kölgə salmaq olmaz. Hər bir məhkəmədən sonra başqa instansiya məhkəmələri var. Əgər bu məhkəmənin qərarından razı deyilsənsə, digər yerlərdə araşdırıla bilər. Hətta Avropa Məhkəməsinə kimi gedib çıxa bilər”.
S. Novruzov bildirib ki, “NİDA”çı gənclərin prosesində faktiki olaraq siyasi məhbusdan, siyasi məhkəmədən söhbət gedə bilməz.
“Konkret olaraq törədilən cinayət faktları ilə bağlı məhkəmədən söhbət gedə bilər. İxtisasından, peşəsindən asılı olmayaraq qanun qarşısında hamı məsuliyyət daşıyır”.
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında deputat İqbal Ağazadə bildirib ki, qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə amnistiya elan olunsun.
Gültəkin ƏLƏSGƏR