Modern.az xəbər verir ki, aprelin 28-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 “Qremmi” və 4 “Emmi” mükafatı laureatı İtzhak Perlmanın konserti keçiriləcək. Yəhudi əsilli amerikalı musiqiçi Bakı tamaşaçıları qarşısında tanınmış şri-lankalı pianoçu Rohan de Silvanın müşayiəti ilə çıxış edəcək. Klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethoven (1770-1827), Rixard Ştraus (1864-1949) və Klod Debüssinin (1862-1918) ölməz əsərləri təqdim olunacaq.
İtzhak Perlman 1945-ci ildə İsraildə doğulub, Təl-Əviv Musiqi Akademiyasında, daha sonra ABŞ-ın incəsənət sahəsində ən böyük tədris müəssisələrindən olan Culyard Məktəbində təhsil alıb. 1964-cü ildə Amerikada akademik musiqi ifaçıları arasında keçirilən nüfuzlu Leventrit Müsabiqəsinin qalibi olub və bu, onun gələcək karyerasına əhəmiyyətli təsir göstərib. Virtuoz skripkaçı həmin vaxtdan məşhur orkestrlərlə və solo konsertlərlə dünyanı dolaşır. İndiyə qədər müxtəlif ölkələrin mötəbər salonlarında, o cümlədən ABŞ-ın Kennedi Mərkəzində, bir neçə dəfə Ağ Evdə çıxış edib.
İtzhak Perlman həm də dirijorluğu ilə tamaşaçıları heyran edib. Nyu-York Filarmoniyası, Milli Simfonik Orkestr, Filadelfiya Orkestri, Los-Anceles Filarmoniyası, Çikaqo, Boston, San-Fransisko, Sent-Luis, Dallas, Hyuston simfonik orkestrləri və digər kollektivlər onun rəhbərliyi altında konsert proqramları ilə çıxış edib. İtzhak Perlman 2005-ci ildə Culyard Məktəbinin 100 illik yubileyi münasibəti ilə bu təhsil müəssisəsinin fəxri doktoru adına və medala layiq görülüb. O, 1986-cı ildə ABŞ-ın “Azadlıq medalı”, 2000-ci ildə isə “Milli incəsənət medalı” ilə təltif olunub.
Modern.az