Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum edilmiş şəxslərin ümumi orta təhsilinin vəziyyətinə və yeni cəzaçəkmə müəssisələrinin inşası ilə bağlı məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə Baş idarənin və Bakı Şəhər Baş Təhsil İdarəsinin məsul əməkdaşları, tabe qurumların rəhbərləri, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən orta məktəblərin direktorları iştirak ediblər.
Nazir müavini çıxış edərək, Azərbaycan Respublikası Konstitusiyası ilə bütün ölkə vətəndaşları kimi azadlıqdan məhrum edilmiş şəxslərin də təhsil hüquqlarının təmin olunmasının zəruriliyini, mövcud cəza-icra qanunvericiliyində ümumi orta təhsilin əsas islah vasitələrindən biri kimi nəzərdə tutulduğunu vurğulamış və penitensiar müəssisələrdə təhsilin təşkili məsələlərinin daim Ədliyyə Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib.
Müşavirədə aidiyyəti xidmət sahələrinin və Bakı Şəhər Baş Təhsil İdarəsinin məsul əməkdaşlarının, bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları rəislərinin, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən orta məktəb direktorlarının çıxışları dinlənilib. Təhsil müəssisələrində məhkumların ümumi orta təhsilə cəlb olunması işində mövcud olan çətinliklərlə yanaşı, müəyyən nəticələrin də əldə olunduğu, cəzaçəkmə müəssisələrindəki ümumi orta məktəb məzunları arasında orta ixtisas və ali təhsil müəssisələrinə daxil olma hallarının da istisna olmadığı diqqətə çatdırılıb.
Eyni zamanda penitensiar müəssisələrdə orta təhsilin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, məktəblərin pedaqoji kollektivinin tərbiyə işinin təşkilində iştirakının təmin olunması, tədrisin təşkilinə, o cümlədən pedaqoji kolleketivin fəaliyyətinə əlverişli şəraitin yaradılmasına diqqətin artırılması ilə bağlı cəzaçəkmə müəssisələrinin rəislərinə müvafiq tapşırıqlar verilib.
Müşavirədə yeni cəzaçəkmə müəssisələrinin inşası ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılıb, inşası davam etdirilən müəssilələr barədə aidiyyəti xidmət sahəsinin hesabatı dinlənilib, artıq bu sahədə əldə olunmuş təcrübəyə əsaslanaraq tikinti-quraşdırma işlərinin daha mükəmməl yerinə yetirilməsinin təmin olunması tövsiyə olunub.
