Modern.az

Asif Atanın kitabları təqdim olundu

Asif Atanın kitabları təqdim olundu

Təhsil

18 Aprel 2014, 22:20

Aprelin 18-də Atatürk Mərkəzində tanınmış filosof Asif Atanın əsərlərinin 10 cildliyinin çap olunmuş 5 cildinin («Mütləqə İnam», «Mütləqləşmək – Var olmaq», «Görmək İnsaniliyi», «Fəlsəfənin Təməli», “Kutsal Quruculuq”) təqdimatı keçirilib.

Tədbirdə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı deyib: “Asif Ata insanlıq üstə yeni yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanımızı yaratdı, Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. Ata bəşər tarixini qaralama sayırdı. Onun tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu”.  Asif Atanın 40 illik silahdaşı, Ocağın Ruhsal Başçısı Safruh isə bildirib: “Atanın adı ilə Azərbaycanda insanlaşmağa əsaslanan bənzərsiz ruhaniyyat hərəkatı yaranıb. Bu hərəkat onun Mütləqə İnam təliminə söykənir, adıçəkilən təlimin müddəalarını xalqımıza çatdırır. Həmin ideyalar Asif Atanın bu gün təqdim etdiyimiz kitablarında əksini tapıb.” Tədbirdə filosof Yolruh Atalı, professor Rüstəm Kamal, ədəbiyyatşünas Məti Osmanoğlu, kinoşünas Aydın Dadaşov, şairlər Əlisəmid Kür, Mübariz Məsimoğlu, Zaməddin Ziyadoğlu, Fəridə Hacıyeva, Asif Atanın ilk silahdaşlarından olmuş Elxan Hüseynov (Əsil), rəssam Vaqif Ucatay, Əlisəfa Mehdiyev çıxış ediblər. Bildirək ki, Asif Atanın Mütləqə İnam dünyabaxışını əhatə edən 43 əsərini Ocağın Ruhsal Başçısı Safruh “On Kutsal Bitiq”də sistemləşdirib.

Asif Ata (Əfəndiyev) 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb. 1978-ci ilin noyabrından klub Ocağa çevrilib, onun sədri Asif Əfəndiyev ardıcılları tərəfindən Asif Ata adlandırılıb. Ocaq tarixi 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı basqılara uğrayıb və qapadılıb. Ocaq bir neçə il gizli fəaliyyət göstərib.

Asif Ata 1997-ci ildə vəfat edib. Sonevi Ağstafadadır.







Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı