Deputat Elton Məmmədov oğlunun avtoşluq etməsi ilə bağlı yayılmış xəbəri israrlı təkzib edərək jurnalistə ağır sözlər dedi;
Eynulla Fətullayev isə onu mandatının alınmasını şərt kimi qoyur
Eynulla Fətullayev: “Oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir”
Zığ-Aeroport yolunda avtoxuliqanlıq edənlərin kimliyi ilə bağlı mediada yayılmış məlumatlar yeni qalmaqal yaradıb.
Aprelin 22-də deputat Elton Quliyev oğlunun adının hallanmasına kəskin reaksiya verib: “”Yalandır, yalan söhbətdir. Mənim oğlumun heç elə bir maşını da yoxdur". Onun sözlərinə görə, oğlunun adını hallandıranlar onu gözü götürməyənlərdir: “Bununla Azərbaycan gəncliyini qıcıqlandırmaq istəyirlər. Sizə tövsiyə edirəm, belə maşın nömrələri olanda yol polisindən müəyyənləşdirin. Görün, maşın kimə məxsusdur. Ondan sonra bu barədə yazın”.
E.Məmmədov bunun ona və qohumlarına qarşı şantaj olduğunu dedi: “Tam səmimi sizə bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?”
Deputat qeyd edib ki, oğlu haqqında yayılan bu şayiələrlə bağlı heç bir addım atmaq fikrində deyil: “Heç bir açıqlama etməyəcəyəm. Ancaq hesab edirəm ki, ləyaqətli jurnalistlər özləri araşdırma aparmalı, həqiqəti ortaya çıxarmalıdırlar. Təkcə mənim deyil, digərlərinin də övladlarının adı çəkilirsə, bunu araşdırmaq və cəmiyyətə həqiqəti çatdırmaq lazımdır. Araşdırmadan, müəyyənləşdirmədən bunu kiminsə övladının üstünə atmaq ayıbdır”.
Deputat Elton Məmmədovun bu qəzəbli açıqlamasından sonra haqqın.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev yenidən məsələni araşdırıb. Eynulla Fətullayev bildirib ki, o, öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib: “DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı ”Nissan Skyline GT-R35"nin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik, 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E.Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz".
Elton Məmmədov bu açıqlamadan sonra aznews.az-a açıqlama verib . E. Məmmədov vurğulayıb ki, artıq “10 LZ 100" dövlət nömrə nişanlı ”Nissan Skyline GT-R35" markalı avtomobilin kimə məxsus olduğunu bilir: “Bu maşını idarə edən gəncin atası mənimlə əlaqə saxlayıb.
O dedi ki, razı olmaram bizim uşağımıza görə sizin övladınızın adı mətbuatda ”avtoş" kimi hallansın.
O, sözügedən maşının texniki pasportunu KİV-lərdə dərc etmək üçün mənə göndərdi. Mən də sizin vasitənizlə həmin avtomobilin dövlət sənədinin kimə məxsus olduğunu təsdiq edən texniki pasportu nümayiş etdirirəm. Buyurun baxın. Qoy bu yalan xəbərləri yayan o Eynulla da bu sənədlə tanış olsun. Və əgər vicdanlı jurnalistdirsə, dediyi sözünə əməl edərək, jurnalistikaya xələl gətirdiyi üçün bu sahədən getsin".
E.Məmmədov jurnalist E. Fətullayevi məsələ ilə bağlı məhkəməyə verib-verməməsi ilə bağlı suala isə belə cavab verib: “Onun kimliyi hamıya bəllidir. Mən kişi adamlarla mübarizə apararam. Belə adamlara vaxt sərf etməyə dəyməz. Mən faktı təqdim etdim. Qoy, cəmiyyət onunla məşğul olsun. Görək heç olmasa verdiyi sözə əməl edə bilirmi?”.
Publika.az saytı isə yazıb ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır.
“Mənə bir video təqdim edilib ki, orada da ”BMV X 6" və “Lada-Priora” markalı maşınların yarışı öz əksini tapıb". Bu sözləri axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğluna məxsus olduğu bildirilən 10 LZ 100 nömrə nişanlı “Porche” markalı avtomobilin Zığ yolunda təhlükəli sürətlə yarışa çıxmasına münasibət bildirərkən dedi. Əlavə etdi ki, ona bu videogörüntülərdən başqa heç nə təqdim edilməyib: “Mənə təqdim edilən videoda ”BMW X 6" və “Lada-Priora” markalı maşınların yarışı əks olunub. Maşınların sahibləri də Əzizov Pərviz Vaqif oğlu və Həsənov Tural Əliməmməd oğludur. Yarışa çıxan maşınların nömrələri isə 90 VZ 357 və 10 BZ 009 nömrə nişanlı maşınlardır. Onlarla bağlı da ölçü götürülüb (Xatırladaq ki, polis əməkdaşı Tural Həsənov polis sıralarından xaric edilib və 20 sutka həbs alıb, atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov isə vəzifədən azad edilib). Bu maşınların yarışını əks etdirən videodan başqa mənə video təqdim edilməyib".
Həmin videogörüntüləri ilk olaraq yayan və Dövlət Yol Polisi ilə məlumatı dəqiqləşdirdiyini qeyd edən virtualaz.org saytının baş redaktoru Famil Cəfərli isə məlum kadrları DYP-nin əməkdaşına təqdim etdiklərini bir daha vurğulayıb: “Vaqif Əsədovun həmin videogörüntülərdən məlumatı olmaya bilər. Çünki biz şəxsən ona təqdim etməmişik”. Qeyd edək ki, mediada dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki “Porsche Panamera” markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən video yayılıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərdən biri “Porsche-911" (qiyməti 250 min manata yaxındır), digəri isə ”Nissan Skyline Gtr35" markalıdır (qiyməti 130-140 min dollar arasındadır). “100" seriyalı ”Porsche"nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu barədə mediada iddialar səslənib.
/musavat.com/