Dənizkənarı Bulvar ərazisində son zamanlar tez-tez baş verən intihara cəhdlər, o cümlədən burada gəzintiyə çıxan insanların səhhətində qəfildən yaranan problemlərə görə ilkin yardım göstərilməsi üçün ərazidə tibb məntəqəsi yaradılması məsələsi qaldırılıb: “Belə bir təşəbbüs çoxdan irəli sürülüb. Ancaq bu, Dənizkənarı Bulvar İdarəsindən asılı olmayan məsələdir. Lazımi qurumlara müraciət olunub, onlar bu haqda məlumatlıdırlar”.
Bunu
Modern.az-a
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bulvar ərazisində tibb məntəqəsi yaradılması məsələsinə münasibət bildirərkən deyib.
İdarə rəsmisi bildirib ki, hər il may ayının 15-dən başlayaraq sentyabr ayının 15-ə qədər bir təcili yardım maşını növbəli şəkildə fəaliyyət göstərir: “Bu il də mayın əvvəlindən bu tədbir həyata keçiriləcək. Yay mövsümündə insanların sayı çoxalır, əhalinin tez-tez təcili yardımın köməyinə ehtiyacı olur. Bu, ümumilikdə bir təşkilatın işi deyil. Nazirlər kabineti, maliyyə və səhiyyə nazirlikləri, eləcə də digər dövlət qurumları bu işə cəlb olunmalıdır. Məsələ çoxdan qaldırılıb, amma həllini nə vaxt tapacaq, onu dəqiq deyə bilməyəcəm”. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli məsələdən xəbərsiz olduqları üçün hər hansı informasiya vermək iqtidarında olmadıqlarını bildirib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə
Modern.az-a deyib ki, birinci növbədə bulvar rəhbərliyi bu təşəbbüslə nazirliyə müraciət etməlidir: “Belə bir təşəbbüslə müraciət olunarsa, Səhiyyə Nazirliyi əlbəttə, məsələyə müsbət rəy verər, məsələyə baxıldıqdan sonra tibb məntəqəsinin yaradılması üçün həm ştat ayıra bilər, həm də lazımi avadanlıqla və tibbi ləvazimatla təmin edə bilər. Tibb məntəqəsinin yaradılması üçün lazımi yer ayrılmalıdır. Hazırda Bulvar ərazisində nazirliyin təcili yardım maşınları növbəli şəkildə xidmət göstərir.” Bu məsələ ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidmətindən isə cavab almaq mümkün olmayıb.
Gülşən Raufqızı