Paytaxt rayonlarında İcra hakimiyyətləri başçılarına yeni təyin olunmuş xanım müavinlər “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak ediblər.
Modern.az xəbər verir ki, kursda dövlət ailə, qadın və uşaq siyasəti barəsində geniş müzakirələr aparılıb. Məruzəçi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mövzu ətrafında çıxış edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov davamlı insan inkişafının planlaşdırılması və idarə olunası ilə bağlı fikirlər səsləndirib.
Məşğulluq strategiyası və qadınların qeyri-formal məşğulluğu ilə bağlı görülən tədbirlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti sektorunun müdiri Rəna Abdullayeva məruzə ilə çıxış edib.
Son illər boşanmaların sayının artması ilə bağlı məsələ də müzakirə olunub. Boşanmalar nəticəsində yaranan problemlər, məhkəmə qərarlarının icrası və yerli icra strukturlarının rolu barədə də fikirlər səsləndirilib.
İxtisasartırma kursunun üçüncü günü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadınların ictimai-siyasi fəallığının təmin olunması, cəmiyyətin inkişafında rolundan danışıb. Daha sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə “Azərbaycan Respublikası Ailə Məcəlləsi, reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Beş gün davam edən ixtisasartrma kursuna Bakının 12 rayonundan dinləyicilər qatılıb.
Modern.az