Modern.az

14 yaşdan 17-yə

14 yaşdan 17-yə

Təhsil

7 May 2014, 11:35

Azərbaycanın yaşayış məskənlərindən birində yarızarafat-yarıgerçək belə söz var ki, qıza elçi gedəndə oğlanı tərifləmək üçün deyərlər:  “Pis-yaxşı, məktəb oxuyub, əsgərliyin çəkib, 3 il də türməsini  yatıb, daha görüləsi işi qalmayıb, evlənmək vaxtıdır.” İndi bir çox ailələrdə uşaqlarına ali təhsil vermək istəyənləri görəndə bu məsəl yadıma düşür.  Sanki təhsil ailə qurmaq üçün bir arqumentə çevrilib- elçi gedəndə desinlər ki, oğlumuz  ali təhsillidir, yaxud qızımız universitet qurtarıb. Daha bu təhsil onun həyatında həlledici amil olacaq, qalan ömrünü aldığı savadın əsasında quracaq, necə deyərlər “qazandığı təhsilin çörəyini yeyəcək”, yox, ancaq ona görə ki, desinlər filankəsin uşağı filan yerdə oxuyur, vəssalam.

Yadıma rastlaşdığım bir  əhvalat düşdü. Yayda qonaq getdiyim kəndlərdən birində qonşu öz  uşağı ilə birgə qapını döydü ki, ay müəllim, bir bizim uşağı dinlə görüm. Soruşdum, nə olub ki? Cavab verdi ki, bizim bu qız uşaqlıqdan prokuror olmaq istəyirdi, 3 ildir müəllim yanına gedib gəlirdi, müəllimin biri qonşu kənddə, biri rayonda, nə isə, bir zülmlə bu işi bitirdik, bu il imtahanda uşaq neçə olubsa özünü itirib, bir az həyəcanlanıb, pis yazıb, bal yığa bilməyib, yığdığı bal hansısa universitetdə slovak dili müəllimliyinə düşüb, onu yazıb, indi gəldik soruşaq, düz eləyib, yoxsa, yox? Dedim ki, qardaş, bunu yazıb, gedib düşübsə, nə demək olar ki, necə deyərlər, Allah  xeyir versin. Ancaq hüquqşünaslıq hara, slovak dili müəllimliyi hara? Ay qızım, sən slovak dilini bilirsən, yaxud Slovakiyanın yerini bilirsən? Ya da, de görüm, bunu oxuyub qurtardın, gəlib kənddə slovak dilindən dərs deyəcəksən? Axı bunu seçəndə bir az götür-qoy eləmək lazımdır, ya yox? Əgər təhsil almaq istəyirdi, qalardı, gələn ilə, yəni gələcəkdə işləyəcəyi sahə üzrə fakültəyə daxil olardı. Kişi qayıtdı ki, qardaş, bunu elə-belə soruşdum ki, bu slovak dili nə olan şeydir, sən savadlı adamsan, bilərsən. Yoxsa, kim gedib diplomuyla işləyir ki?  Bunun dayısı qızı 3-4 il qabaq gedib bir məktəbə girmişdi, heç adı dilimə yatmır, Funturologiyaydı, Kunturolgiyaydı, nəydi, bilmirəm, indi, odey, allah xoşbəxt eləsin, ailə qurub, yoldaşı da institut qurtarıb, kimya müəllimidir, bir obyekt açıb, bir tərəfi dükandı, bir tərəfi restoran, bəy balası kimi dolanırlar. Qıza nə lazımdı, diplomu olsun! Deməsinlər ki, filankəs qızını oxuda bilmədi. Bu gedib prokuror olan deyildi, vəkil olan deyildi. Onsuz da axırı ailə qurmaqdır. Nə isə…

Ötən il Almaniyada bir azərbaycanlı ailəsi ilə tanış oldum. Bunların çox savadlı bir oğlu var idi və o, bir-iki il qabaq orta məktəbi bitirib, ali təhsil almaq üçün əyalətlərin birində universitet seçib. Soruşdum ki, niyə bəs o uzaqlıqdakı yerə getmisən (istədim xəbər alam ki, niyə bu yüksək biliklə “yurfakı”,”leçfakı” seçməmisən,” lənət şeytana” deyib durdum), cavab verdi ki, mən çox götür-qoy etmişəm, o ixtisas ki, həmən universitetdə var, ordan başqa heç yerdə yoxdur, bu ixtisas isə əlil avadanlıqları mühəndisliyidir, dünya durduqca ehtiyac olan, ömürlük gərəkli, həm də humanitar təşkilatların daim maliyyələşdirdiyi bir sahədir. Mən bilirəm ki, bu ixtisası qazanmaqla həm gərəkli mütəxəssis,həm imkanlı  biznesmen, həm də hörmətli vətəndaş olacağam. Məndən də  ancaq “bərəkallah” demək qaldı…Hələ onun böyük qardaşı ilə tanış olanda lap sevindim-bu oğlan gənc yaşlarından marağı olan peşənin dalınca gedib, ali təhsilsiz-filansız işini mükəmməl qurub, əməlli-başlı dolanışığı, evi-eşiyi. Soruşanda da dedi ki, mən onsuz da kamil  təhsil ala bilməyəcəkdim, yaxşı mütəxəssis ola bilməyəcəkdim, niyə ömrümün 4-5 ilini, atamın da filan qədər pulunu zay eləyim?!

Bakıdakı “Sədərək” ticarət mərkəzində çalışanların qeyri-rəsmi statistikaya görə az qala 90 %-nin müəllim, həkim, mühəndis, geoloq və digər ali təhsilli mütəxəssislərin olduğu və  bəhsəbəhs xətrinə gələcəyi bilinməyən ixtisaslara daxil olmaq üçün gedən “marafon yarışı” yadıma düşdü… 9-cu sinifdən başlayan hazırlıq dərsləri, müəllimin biri Yasamalda, biri Əhmədlidə, biri Beşmərtəbədə… Avtobusların basabasında, metronun havasızlığında əlində dəftər-kitab rəngi saralmış, yeməyə vaxt  tapmayan, direktorun “komissiya gələcək” xəbərdarlığından ürəyi əsən, dərsə gecikməkdən qorxan, dodaqaltı əzbərlədiyi testləri təkrarlayan, həyəcandan gecələr yata bilməyən …beləcə 3 il ömür  keçirən, 14-15 yaşında- həyatının ən inkişaf etməli dövründə  sümüyünü yandıran bu yeniyetmə dəqiq bilmədiyi istiqamətə qaçan və bu qaçışla da mücərrəd gələcək  naminə  sağlamlığını itirən  marafonçuya bənzəyir.

Bir dəfə universitetimizə gələn qonaqlarla idman dərsinə baxmağa getmişdik. Hörmətli dostlarımızdan biri tələbələrin məşqinə bir az baxandan sonra soruşdu ki, bunlar haranın uşaqlarıdır? Dedim filan fakültənin 1-ci kurs tələbələri. Dostumuz təəccübünü gizlətmədi: “Ay allah, mən elə bildim 8-ci sinif şagirdləridir, bunlar niyə belə balaca-balacadırlar?” Dedim, düzdür, qardaş, bunlar 8-ci sinifdən sonra hazırlıq marafonunda olduqlarına  görə heç böyüməyiblər,  14 yaşdan birbaşa 17 yaşa düşüblər. Doğrudan da, nə idmana gediblər, nə konsertə, nə toya, nə gəzməyə- ancaq müəllim yanına! Nəticəsi isə mücərrəddir- ali təhsil alan məzunların az bir hissəsi məhz ixtisası üzrə işləyir, əksəriyyəti ticarətdə, xidmət sektorunda, uzaqbaşı firmada kompüter arxasında, digər “əlverişli” sahələrdə məşğuldurlar. Bir hissəsi də ali təhsilli evdar xanımdır-“filankəsin gəlini universitet bitirib”,- desinlər deyə.

Bəs o qədər  zəhmət, həm valideynlər, həm dövlət tərəfindən çəkilən xərclər necə olsun? Olmazmı ki,orta təhsildən ali təhsilə keçid eynitipli olsun, uşaq rəqsə gedib axırda hündürlüyə tullanmaqdan imtahan verən komik qəhrəmana oxşamasın? Yaxud rəqsə gedə-gedə hündürlüyə tullanmaqdan hazırlığa getməsin? Əgər bu adam tullanmaqdan imtahan verəcəksə, elə məktəbdə də bunu öyrənsin? Nə uşaqlar cırlaşsın, nə valideynlər nigaran və bankrot olsun, hələ üstəlik  şəhər küçələri hazırlığa gedən uşaqları ora-bura daşıyan maşınlardan canını qurtarsın? Olmazmı ki, şöhrət xətrinə yox, gələcək xətrinə balaları istiqamətləndirək? Balalarımız  da 14 yaşdan 17-yə  zülm ilə yox,3 ilə getsinlər?!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı