
Modern.az-a şikayətlə müraciət edən Telman Osmanov yerli icra strukturlarından dad edir. T.Osmanov Şəki İcra Hakimiyyəti tərəfindən ona qanunla ödənilməli olan icarə haqqının verilməsini tələb edir. Belə ki, Şin kəndində özünə məxsus daşınmaz əmlakı (vaqonu) çayxana kimi istifadə edən T. Osmanov obyekti artıq 9 aydır ki, kənd məktəbinin ixtiyarına verilib.
2013-cü ilin yay aylarından başlayaraq Şin kəndindəki məktəbinin əsaslı yenidənqurulması məqsədilə köhnə binası sökülüb. Nəticədə məktəbin şagird-müəllim kontingentinin yenidənqurma işlərin sona çatana qədər yerləşə biləcəyi obyektə ehtiyac yaranıb. Dərslər Şin kəndindəki tibb məntəqəsi və yerli bağçada keçirilməyə başlansa da, bu bütün şagirdləri əhatə edə bilməyib. Yerli kənd icra nümayəndəliyi T.Osmanovun obyektinə diqqət ediblər.
Telman Osmanovun sözlərinə görə, ona obyektini məktəbin 2 sinfinin dərs keçməsi üçün istifadə edirlər. İcra nümayəndəliyi onu icarə haqqı ilə təmin ediləcəyinə vəd verdikdən sonra Osmanov buna razılaşıb. Lakin 9 aydır ki, icarədar qanuni haqqını ala bilmir. İcra nümayəndəliyi müxtəlif bəhanələrlə vədindən boyun qaçırır.
Şəki Rayon İcra Hakimiyyətinin ictimai-siyasi (humanitar) şöbəsindən şikayətlə bağlı Modern.az-a bildirilib ki, vətəndaşa kompensasiyanın, yaxud icarə haqqının verilməsi əvvəldən nəzərdə tutulmayıb.
Şəki Təhsil İdarəsindən isə bildirildi ki, T.Osmanova ödənilməsi üçün idarənin sərəncamına heç bir vəsait daxil olmayıb və ümumiyyətlə, məsələ İcra Hakimiyyətinin səlahiyyətlərinə daxildir. Yalnız onu qeyd etmək qalır ki, 200-ə yaxın şagirdin təhsil aldığı məktəbin 2 ilə yaxın təmirə bağlanmasını nəzərə alaraq aidiyyatı qurumlar yəqin ki. məktəblilərin müvəqqəti olaraq kirayə verilən məkanklarda təhsil almalarında ötrü vəsait ayırıb.
Modern.az