Modern.az

Elşad Abdullayev ANS-çilərə sataşdı: “Marqaret Tetçer bilsəydi ki, Mirşahin Gülər Əhmədovaya “dəmir ledi” deyib…”

Elşad Abdullayev ANS-çilərə sataşdı: “Marqaret Tetçer bilsəydi ki, Mirşahin Gülər Əhmədovaya “dəmir ledi” deyib…”

Təhsil

14 May 2014, 00:56


Modern.az
xəbət verir ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a yeni müraciət yollayıb. Bu dəfəki müraciət sabiq deputat Gülər Əhmədovanın və qardaşı, tanınmış teleaparıcı İlqar Mikayıloğlunun ayrı-ayrı media orqanlarına verdikləri müsahibələrlə bağlıdır.

 

E.Abdullayev öncə ANS-in vitse-prezidenti Mirşahin Ağayevin G.Əhmədovadan götürdüyü müsahibədə səsləndirdiyi fikirlərə toxunub. Sabiq rektor yazıb ki, “keçmiş millət vəkili yəqin ki, indi şərti azadlıqda, həm də Elşad Abdullayevin həbsini gözləməli olacaq”, - deyən Mir Şahin yuxusuna haram  qatıb, saatlarla çarx-çevir edəndən sonra bu fikirlərini kağız üzərinə köçürüb:

“Əslində  hörmətli yazarın qələmini, professionallığını qətiyyən şübhə altına almaq  fikrində deyiləm. Hər bir yazarın uğurlu olduğu kimi, uğursuz  yazılarına da KİV-də rast gəlmək  olar. Allah köməyi olmuş   nəfəs almadan, bir keçmiş olsun demədən, türklər demişkən, dirək olaraq bir başa mənim  həbsimdən dəm vurur.  Başa düşmək olmur  ki,  hörmətli yazar sabiq millət vəkili ilə “gözün aydın olsun”a gedib, yoxsa bir çoxlarının baş ağrısına çevrilmiş Elşad Abdullayevi  müzakirə etməyə təşrif buyurub.  Olsun.  

Nə etmək olar,  çox güman ki, hörmətli yazarımızın məni səbirsizliklə həbsdə görmək istəyi  ciddi səbəblərdən irəli gəlir. Nə bilmək olar? Bəlkə  mən də bəzi  ağsaqqal millət vəkillərimiz kimi, Mir Şahin müəllim barəsində emosianal fikirlər yürütmüşəm hansısa bir məclisdə?  Xatırlamıram. Əks halda bu nifrət dolu münasibət haradan qaynaqlanır? Nədənsə mən xatırlamıram ki,  nə vaxtsa  poqonlu narkomanların aqibətindən və yaxud da kimlərinsə  sifarişli, həftə-becər yaradıçılığından söz açım. Bütün hallarda nə isə var və bu nəisənin bir gün qırxı çıxacaq”. 

E.Abdullayev Mirşahinin müsahibədə qoyduğu sualları da tənqid edib. Onun yazdığına görə, yazar müsahibə zamanı “Gülər xanım, dostlar, tanışlar bu sınaqdan necə çıxdı? Yaxınlar bu sınaqdan necə çıxdı?” tipli əhəmiyyətsiz bir sual əvəzinə “Gülər xanım, törətdiyiniz analoqu olmayan cinayətə görə  məhbəsdə  olduğunuz zaman  neçə seçiciniz  məhkəmə proseslərində iştirak etdi, neçəsi dövlət başçısına, prokurorluq orqanlarına, respublika ictimaiyyətinə sizə görə müraciət etdi?” kimi sual qoyulsun: “Seçim böyükdür.  Gülər xanıma    sizin tərəfinizdən  bir çox maraqlı suallar verilə bilərdi.  Misal üçün çox məntiqli  bir sual  oxucularımızda maraq doğura bilərdi.  

“Gülər xanım, Siz Elşad Abdullayevi  özünüzə qarşı  böhtan atmaqda, video-görüntüləri  montaj etməkdə, mandat alveri  etməkdə  qınayırsız. Belə olan halda  hansı səbəblərdən  Elşad Abdullayevin  “montaj olunmuş”  video-görüntülərinə görə,  sizin barənizdə ekspertlərin rəyləri əsasında cinayət işi qaldırmış istintaq orqanlarına, cinayətkar olmağınıza dair qərar çıxarmış hakimlərə  qarşı  yeni  məhkəmə davaları açıb, bu davaları Avropa İnsan Haqları Məhkəməsinə qədər davam etdirəcəyinizə  dair   düşünmədən açıqlama vermirsiniz? Çünki məndən  fərqli olaraq elə həmin rəsmi orqanların səyi nəticəsində  günahsızlıq prezumpsiyanız pozulmadan  sizi cinayətkar adlandırmaq mümkün olmuşdur”. 

Sabiq rektor hesab edir ki, sözügedən müsahibənin ən maraqlı və gülməli məqamlarından biri də Mir Şahinin G.Əhmədovanı “dəmir ledi” adlandırmasıdır: “Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq)  barəsində cinayət işi qaldırılmış  və məhkəmə prosesləri zamanı   cinayət törətməsi  təsdiq olunmuş  Gülər Əhmədovanın bu cür adlandırılması maraqlıdır. Dünya tarixində barmaqla sayılası qadınlar olub ki, bu ada layiq görülüblər, lakin bunların arasında  qeyri-şərhsiz İngiltərənin  keçmiş baş naziri Marqaret Tetçeri xüsusi qeyd etmək olar. 

Yəqin ki, hər birimiz xatırlayırıq ki,  məşhur ingilis siyasətçi qadın öz xalqı qarşısında fədakar xidmətlərinə görə bu ada  layiq görülmüşdür.  Mənə elə gəlir ki, əgər hörmətli yazarımız  Gülər xanımı  Marqaret Tetçerin sağlığında  belə adlandırsa idi, məşhur siyasətçi-qadın yəqin ki, bu tituldan imtina edərdi.  Çünki dünya şöhrətli  mərhum siyasətçi qadın  sağlığında  heç vaxt təsəvvürünə belə gətirə bilməzdi ki, kartof, kələm, daşınmaz əmlak kimi, deputat mandatını da satmaq  və yaxud da almaq olar. Mən belə baxıram yaxın vaxtlarda bəzi güclü yumor hisslərinə malik yazarlarımızın sayəsində biz nəinki, “Dəmir ledi”, hətta taxta, plastmas lediləri də icad edəcəyik. Allah bundan sonrasını saxlasın”.

E.Abdullayev yazılı müraciətində həm də G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlunun  bacısı türmədən çıxandan sonra verdiyi müsahibəyə toxunub: “Müsahibənin sonuncu abzasında yazarın suallarını cavablandran İlqar Mikayıloğlu  bilmirəm nədənsə, birdən-birə mənim  gözlərinin içinə baxmaq istədiyini bəyan edir.  Orda nə axtardığını mənə desə, mən böyük məmnuniyyətlə  ona yardımçı olaram. Elə bu yerdə adamın yadına maraqlı bir lətifə düşür. Aşiq olmuş bir gənc sevgilisinin gözlərinə baxaraq, söyləyir: “Əzizim, sənin gözlərində mən bütün dünyanı görürəm.” Bu zaman yaxınlıqdan keçən  əldən düşmüş bir fəqir gəncə səslənir: “Oğlum,  bir bax mənim itən eşşəyimi orda  görmürsənmi?”.
Zarafat bir yana, həqiqətən çox təəccüblüdür, tanınmış reportyor İlqar Mikayıloğlu mənim gözlərimdə nəyi görmək istəyir? Mən İlqar Mikayıloğluna məsləhət görərdim ki, mənim gözlərimin içinə baxıb, ona sərf edən bir şey tapmamaqdansa, gedib Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gözlərinin içinə baxsın. Bəlkə o gözlərin içində suallarına cavab tapar. Özünün və bacısının gözlərində tir görməyən tanınmış reportyor Elşad Abdullayevin gözlərində əgər  izi-tozu bilinməyən qardaş həsrətini, seçicilərin oğurlanmış səslərini, ümidlərini, Türkiyədə müəmmalı şəkildə ölmüş Sevinc Babayevanın ailəsinin hayqırtısını, damarlarında əsl Azərbaycanlı qanı axan Əvəzin, Zaurun  əzab və zülmlərini, bir saatdan-bir mövqeyini dəyişən, müstəqil fikirlərə malik olmayan bəzi millət vəkillərimizin əqidəsini və yaxud da Gülər Əhmədovadan fərqli olaraq günahsız yerə həbsdə olan onlarla Azərbaycan gəncinin  anasının qəmgin notlarla müşayiət olunan harayını görmək istəyirsə buyursun, baxsın Elşad Abdullayevin gözlərinə. Özü də tək Elşadın gözlərinə baxmaqla kifayətlənməsin, daim böyüklüyü ilə, mərhəməti ilə seçilən Azərbaycan xalqından bacısının törətdiyi cinayətə görə üzr istəsin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı