Modern.az

İnsan hüquqları, qanunun aliliyi və demokratiyaya... Strasburqda bayrağımız qaldırıldı

İnsan hüquqları, qanunun aliliyi və demokratiyaya... Strasburqda bayrağımız qaldırıldı

Təhsil

14 May 2014, 09:29

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə başlaması münasibətilə Strasburq meriyasının qarşısında dövlət bayrağımızın qaldırılması mərasimi keçirilib.
Mərasimi açan şəhər merinin müavini Jan-Jak Qsel bildirib ki, Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq şəhəri dəfələrlə Avropa Şurasına üzv olan müxtəlif ölkələrin Nazirlər Komitəsinin sədrliyinə başlaması ilə bağlı bayraq qaldırılma mərasimi kimi yaddaqalan hadisələrin şahidi olub.

Özünəməxsus tarixə, müxtəlif dinlərə və mədəniyyətə malik olan üzv ölkələrin fəaliyyətində Avropa Şurasının əsas prinsipləri - demokratiya, insan haqları və qanunun aliliyi mühüm rol oynayır.
Nazirlər Komitəsinə sədrliklə bağlı ilk tədbirin Strasburqda 1949-cu il avqustun 8-də keçirildiyini xatırladan Jan-Jak Qsel sədrliyi Azərbaycana təhvil verən Avstriyanın Avropa Şurasına üzv olduğu müddətdə altı dəfə Nazirlər Komitəsinə sədrlik etdiyini diqqətə çatdırıb.
Azərbaycanın ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını xüsusi vurğulayan Jan-Jak Qsel Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfərinin ölkələrimiz arasında siyasi dialoqun və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıdığını bəyan edib.
Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni çıxışında bayraq qaldırılması mərasiminin bir növ Avropanın güclü simvoluna çevrildiyini, sədrlik dövründə Avstriyanın fikir azadlığı, jurnalistlərin təhlükəsizliyi, insan hüquqları, korrupsiyaya və qadın zorakılığına qarşı mübarizə istiqamətində müəyyən işlər gördüyünü, Avropa Şurası və Strasburq şəhəri ilə birgə əməkdaşlıq sayəsində demokratiyaya dair dünya forumunu təşkil etdiyini xatırladıb.
Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətdə ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını diqqətə çatdıran baş katibin müavini ölkəmizin özündən əvvəlki sədrlər kimi korrupsiyaya qarşı fəal mübarizə aparacağına, Avropa Şurasının əməkdaşlığının zəruri tərkib hissəsi olan qonşuluq və mədəniyyətlərarası dialoq siyasətini müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirib.  
Avstriyanın Avropa Şurası yanındakı daimi nümayəndə heyətinin rəhbəri səfir Rudolf Lennk ölkəsinin Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Avropa Şurasının prioritetləri olan demokratiya, insan haqları və qanunun aliliyi istiqamətində gördüyü işlərdən, nüfuzlu təşkilatla əməkdaşlığın möhkəmləndirilməsinə çalışdığını, Avropa ölkələrində baş verən mühüm hadisələrin həlli ilə bağlı görülən işlərdən bəhs edib.

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov deyib ki, 2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə olaraq təşkilatın əsas qərar verici qurumu olan Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək həqiqətən də Azərbaycan üçün mühüm hadisədir. 2014-cü ilin may-noyabr aylarını əhatə edəcək sədrlik ərzində Azərbaycan Avropa Şurasının fəaliyyətinin üç əsas ölçüsü – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və bu istiqamətlərdə təşkilatın atacağı addımların təşviqi ilə bağlı səylərini əsirgəməyəcək.


Azərbaycan sədrliyi şəksiz olaraq demokratiya, təhlükəsizlik və stabillik sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin üzləşdiyi problemlərə ciddi diqqət ayıracaq. Bu məqsədlə Azərbaycanın sədrliyi təşkilatın bütün üzv ölkələri ilə birgə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbuluna çalışacaq. Korrupsiya ilə mübarizə Azərbaycan sədrliyinin əsas prioritetlərindən biri olacaq. Biz Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan edib Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik.
Mütəmadi olaraq inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada ən aktual məsələlərdən birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə mövcud olduğu bir yer olub.

Sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada ayrı seçkilik və dözümsüzlüklə mübarizəyə öz töhfəsini göstərəcək.
May-noyabr aylarında Azərbaycanda çoxsaylı tədbirlər keçiriləcək ki, bu tədbirlərdə Avropa Şurasına üzv ölkələrdən çoxlu sayda nümayəndənin iştirakı nəzərdə tutulub. Həmçinin, bu müddət ərzində sədrlik tərəfindən Strasburqda da çoxsaylı mədəni tədbirlərin təşkili nəzərdə tutulur. Əminəm ki, istər Bakıda, istərsə də Strasburqda keçiriləcək bu tədbirlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti və incəsənətinin nümayiş etdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyacaq.
Sonda Avstriyanın dövlət himni ilə dövlət bayrağı endirilib, dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı qaldırılıb və eyni zamanda Avropa Şurasının himni səsləndirilib.    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı