
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi bəyan edib ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində bu qurumun Gəncə qaz istismarı Sahəsinin (QİS) 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin keçmiş işçisi Mina Mirzəyevaya istinadən həmin Sahənin rəisi Rauf Qasımov haqqında böhtan dolu videomateriallar yayılmaqdadır.
“Bununla əlaqədar “Azəriqaz” İB bildirir ki, Gəncə QİS-də qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində işləmiş M.Mirzəyeva ilə bağlanmış əmək müqaviləsinə Gəncə QİS-in 18.07.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib. Yəni M.Mirzəyeva tutduğu peşədən öz ərizəsinə əsasən azad edilib.
M.Mirzəyevanın bir çox instansiyalara ünvanladığı müraciətlərin hamısı ətraflı araşdırılıb və məlum olub ki, o, heç vaxt Gəncə QİS rəhbərliyinin, o cümlədən sahə rəisi, rəis müavini və baş mühəndisin qəbulunda olmayıb, yalnız işlədiyi xidmət əməkdaşlarının iştirakı ilə QİS rəhbərliyinin yanında keçirilən iclaslarda olub. Bu isə M.Mirzəyevanın dediklərinin həqiqətəuyğun olmadığını və böhtan xarakteri daşıdığını göstərir”-deyə "Azəriqaz"dan Modern.az-a verilən rəsmi açıqlamada bildirilib.
“Azəriqaz” İB bildirib ki, M.Mirzəyeva heç də iddia etdiyi kimi nümunəvi işçi olmayıb, əksinə, əmək funksiyası üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə 02.04.2012-ci il tarixində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.
“Lakin bundan heç bir nəticə çıxarmayan M.Mirzəyeva 29.05.2013-cü il tarixdə özbaşına, heç bir üzrlü səbəb olmadan xidmət göstərdiyi ərazini tərk etməklə müəssisədaxili intizam qaydalarının tələblərini kobud şəkildə pozub və ona yenidən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.
Onu da bildiririk ki, R.Qasımov tərəfindən ona guya ki, əxlaqsız təklif olunduğunu iddia edən M.Mirzəyeva işlədiyi müddət ərzində heç vaxt bu barədə yuxarı rəhbərliyə və hüquq-mühafizə orqanlarına müraciət etməyib. Yalnız işdən çıxdıqdan sonra yenidən işinə qayıtmaq barədə etdiyi müraciətlər təmin olunmadıqda qarayaxma kampaniyasına başlayıb və müxtəlif instansiyalara müraciətlər ünvanlayıb. Bu faktın özü də M.Mirzəyevanın şantaj və böhtan yolunu seçdiyinə daha bir sübutdur”.
Xatırladaq ki, Mina Mirzəyevaya mətbuata verdiyi açıqlamalarda sahə rəisi Rauf Qasımovun ona intim əlaqə təklif etdiyini bildirib.
R.Qasımov isə şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi tələbi ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə müraciət olunub. İşə məhkəmədə baxılır.
Modern.az