Modern.az

“Ollandın Qarabağla bağlı bəyanatı vəziyyəti qəlizləşdirdi” - ŞƏRH

“Ollandın Qarabağla bağlı bəyanatı vəziyyəti qəlizləşdirdi” - ŞƏRH

Təhsil

14 May 2014, 13:02


“Fransa prezidenti Fransua Olland Cənubi Qafqaza səfər etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri daha da qəlizləşdirdi. Onun hərəkətləri ölkə başçısı, diplomatın davranışlarına bənzəmirdi”.

Bunu Modern.az-a politoloq Qabil Hüseynli Ollandın İrəvanda Qarabağ münaqişəsinin yeni həll variantlarını tapmağının zəruriliyi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Bakıda səfərdə olarkən Fransa dövlət başçısı Azərbaycanın ərazi bütövlüyü məsələsini dilinə gətirmədiyi halda, Ermənistanda Qarabağla bağlı yeni bəyanatlar verib. Politoloqun sözlərinə görə, Ollandın Bakıda daha çox Azərbaycanın enerji resurslarına diqqət yönəltməsi nəzərdən qaçmamalıdır: “Azərbaycan tərəfi açıq şəkildə bildirdi ki, enerji ehtiyatlarını Avropaya yönəldə bilər. Bir şərtlə ki, Avropa Azərbaycanın ərazi bütövlüyü məsələsində səmimi olsun və ikili standartlardan imtina etsin”.   Ekspert hesab edir ki, Ollandın İrəvana səfəri zamanı bütün avazı dəyişib: “Ollandın Ermənistandakı hərəkətləri və açıqlamaları Azərbaycan və Türkiyəni qəzəbləndirən addımlardır. O, qondarma erməni “soyqırımı” abidəsini ziyarət etdi. Türkiyəni uydurma “soyqırımı”nı  tanımağa çağırdı. Fransa prezidenti utanıb-çəkinmədən özlərini yenə də Ermənistanın dostu adlandırdı. Ermənistanla qardaşdırsa, gedib Ermənistanın enerji resurslarını Avropaya daşısın. Azərbaycanın qarşısında nə moizə oxuyursan?!”  

Politoloq ATƏT-in Qrupunun həmsədri olan bir ölkə başçısının Qarabağla bağlı səsləndirdiyi “yeni həll variantları” fikrini isə ermənilərin maraqlarına xidmət edən bəyanat kimi qiymətləndirib: “Onlar nə qədər sözbazlıq etsələr də, nə qədər yeni prinsiplərdən dəm vursalar da, həmin prinsiplərdə ermənilərin mənafeyini axtarırlar. Bu mənafeyin qələbə çalması üçün çox hiyləgər planlar qurublar. Mən Fransa prezidentinin Cənubi Qafqazın hər üç ölkəsinə səfərini nəticəsiz və status-kvonu qəlizləşdirən bir addım adlandırardım”.

Qeyd edək ki, F. Olland İrəvanda Qarabağ konfliktinin tənzimlənməsi ilə bağlı yeni həll variantlarının vacibliyindən söz açıb.  

Aqşin Kərimov    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı