
Səhiyyə Nazirliyi ana ölümü ilə bağlı son faktı ciddi araşdıracaq. Bu barədə Modern.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Sabirabad rayonunda baş verən ana ölümü hadisəsinə dair bütün sənədlər, məlumatlar 24 saat ərzində nazirliyə daxil olacaq. Bundan sonra nazirliyin doğuşa yardım komissiyası tərəfindən fakt araşdırılacaq.
Qeyd edək ki, Sabirabad rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb.
Qadın ikinci dəfə əməliyyata götürülüb. Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişib. Həkimlər qanaxmaya səbəb kimi qadında qan xəstəliyinin olmasını göstəriblər.
Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağının çıxarıldığı qeyd olunub. O, bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Gültəkin ƏLƏSGƏR