Fövqəladə Hallar Nazirliyinin diqqət mərkəzində saxladığı vacib sahələrdən biri də dənli və texniki bitkilərin yanğından qorunması, biçin vaxtı, məhsulun daşınması və emalı dövründə yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasıdır. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Salyanda «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi seminar-müşavirədə məhz dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın Muğan bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə olunub.
Tədbirdə FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıdan duran vəzifələrdən ətraflı söhbət açıb. Qeyd olunub ki, mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən 2013-cü ildə ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub. Yem məhsullarının yanması nəticəsində 739 min manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 231 min manat maddi ziyan dəyib.
