Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatında prokuror hökmü əhval-ruhiyyəsi var. Sanki Azərbaycan hökumətinin hansı istiqamətdə fəaliyyət göstərməsi hüququ “Human Rights Watch” təşkilatına məxsusdur. Təbii ki, bu cür yanaşma yolverilməzdir”.
Modern.az xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə özünün facebook səhifəsində yazıb. O bildirib ki, istənilən dövlətlərin müstəqilliyinə və onun demokratiya inkişafına hörmətlə yanaşılmalıdır. “Ancaq bu adıçəkilən xarici təşkilatın münasibətində yoxdur. Bu təşkilat artıq illərdir ki, Azərbaycana qarşı şər və böhtan kampaniyası aparır. Onlar Azərbaycandakı vəziyyəti daima qara rənglərlə təsvir edirlər. Nədənsə sözügedən təşkilat Leyla Yunusun şahid kimi dindirilməsinin, adı jurnalist olsa da, konkret cinayət əməlinə görə istintaq altında olan Rauf Mirqədirovun işlərinin mahiyyətinə varmır. Hətta “Human Rights Watch” regional təşkilat olan Avropa Şurasına belə göstərişlər verməyə başlayır”.
A. Mirzəzadə sözügedən təşkilatın Azərbaycanda gün ərzində onlarla müxalifət yönümlü qəzetlərin çıxdığını, müxalif fikirli insanların sərbəst şəkildə fəaliyyət göstərdiyini, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunduğunu və sahibkarların hüquqlarının qorunduğunu görmək istəmir. “Görünür “Human Rights Watch” və digər bu tipli xarici qeyri-hökumət təşkilatları Azərbaycanı Afrikanın geridə qalmış ölkələri səviyyəsində olmasını arzu edərdilər. Birmənalı bilinməlidir ki, Azərbaycan xalqı öz taleyini özü həll edir. Ölkəmiz hüquqi və demokratik prinsiplərlə yaşayan dövlətdir. Hər hansı bir təşkilatın Azərbaycan dövlətinin onun diqtəsi ilə yaşamasına çalışması mükün olmayacaqdır. Hesab edirəm ki, demokratiya və insan hüquqları ilə bağlı məsələyə bu təşkilat ilk öncə özündən başlamalıdır”.
Qeyd edək ki, adıçəkilən təşkilat Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyətin yaxşı olmadığını bildirən növbəti hesabat yayıb.
Modern.az