Modern.az

Həmsədrlərin Qarabağ səfəri - Kəlbəcər, Laçın müəmması - TƏHLİL

Həmsədrlərin Qarabağ səfəri - Kəlbəcər, Laçın müəmması - TƏHLİL

Təhsil

21 May 2014, 15:48

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 16-19-u tarixlərində növbəti dəfə Cənubi Qafqaz regionuna səfər etdilər.

Bunun nəticəsi olaraq həmsərdlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in münaqişə bölgəsindəki xüsusi nümayəndəsi Anjey Kasprşik və iyun ayından etibarən Fransadan həmsədr olacaq Pyer Andrio səfərin yekunları olaraq bəyanat veriblər. Bəyanata toxunmazdan öncə qeyd etmək lazımdır ki, həmsədrlər səfər proqramını mayın 16-da Ermənistandan başlayıblar.

Prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan ilə danışıqlar aparan diplomatlar bundan sonra Dağlıq Qarabağa səfər ediblər.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə diqqət çəkən məqam ATƏT nümayəndələrinin birbaşa Xankəndinə deyil, Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar Laçın və Kəlbəcər rayonlarına səfər etməsi olub.

Onlar bu rayonlara səfər etmələrinin səbəbini sonradan yaydıqları bəyanatda qeyd ediblər.

Mayın 17-də Laçın rayon mərkəzinə gələn zaman həmsərdlər gözlənilməz hadisə ilə rastlaşıblar.

Belə ki, onlar Laçında məskunlaşan separatçılarla görüş nəzərdə tutulan əraziyə gələn zaman “Daşnaksütyun” partiyasının yerli bölməsinin üzvləri tərəfindən etirazla qarşılanıblar.

Ermənilərin əsas hədəfi amerikalı həmsədr Ceyms Uorlik olub.

Belə ki, mayın 7-də ABŞ-da Karneqi mərkəzində çıxışı zamanı diplomat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 6 maddəlik həll variantı təklif etmişdi.

Bəndlərdən biri Qarabağ ətrafındakı 7 rayonun, o cümlədən həmsədrlərin səfər etdikləri Laçın və Kəlbəcər rayonlarının Azərbaycana dərhal qaytarılmasını nəzərə tuturdu. 
“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı işğal olunmuş rayonlar Azərbaycana geri qaytarılmalı və bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa olunmalıdır”-deyə Uorlik Karneqi mərkəzindəki çıxışında bildirmişdi.

Daşnaklar məhz bu müddəaya etiraz edərək Uorlikdən izahat tələb ediblər. Ermənistan rəhbərliyinin uzun illər süni məskunlaşdırma siyasəti ilə bölgəyə yerləşdirdiyi insanlar Laçının da Dağlıq Qarabağ ərazisi sayılmasını istəyiblər.

Onların suallarını cavablandıran həmsədrlər öz mövqelərini dəyişməyiblər.

Əslində, Ceyms Uorlikin səsləndirdiyi 6 müddəalıq paket həll bundan öncə 2008-ci ildə élan edilən “Madrid prinsipləri”nin dəyişdirilmiş variantı idi.

Həmin prinsiplərdə də Qarabağ ətrafındakı rayonların azad olunması əsas şərtlərdən biri hesab olunurdu. Azərbaycandan tələb edilən əsas güzəştlərdən biri Dağlıq Qarabğ inzibati ərazisinıə daxil olmayan Laçın dəhlizinin və Laçın rayonunu bir hissəsinin Qarabağın tərkibinə daxil olunması idi.

İndiyədək ayrı-ayrı zamanlarda Laçının 12 kəndinin Qarabağın tərkibinə birləşdirilməsi müzakirə predmeti olub. Xankəndində görüşlər keçirən ATƏT-in Minsk qrupunun üzvləri bundan sonra mayın 19-da Ağdərə-Tərtər yolu istiqamətindəki cəbhə xəttindən Azərbaycan ərazisinə keçirlər.

Bakıda Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşlər keçirdikdən sonra həmsədrlər regionu tərk etdilər.

Həmsədrlərin regiona səfərlərinin yekunları  ilə bağlı verdikləri bəyanata gəlincə, onlar bir daha Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmalı olduğunu vurğuladılar.

Kəlbəcər və Laçın rayonlarına səfərlərinə gəlincə, həmsərdlər bunu “həmin rayonlarda situasiya ilə tanış olmaq məqsədilə” təşkil oldunduğunu bildirdilər.

Maraqlıdır ki, onlar bu iki rayonda əhalinin artımını müşahidə etmədiklərini bildirdilər. “Bu rayonları ziyarət etdikdən sonra infrastrukturun inkişafında müəyyən irəliləyişlərin olduğunu, lakin əhalinin artımının müşahidə olunmadığı qənaətinə gəlmişik”-deyə bəyanatada bildiriblər.

Təbii ki, belə olan halda sual doğur. Necə ola bilər ki, 1992-ci ilə qədər bir erməni yaşamayan Kəlbəcər və Laçın rayonlarında bugün ümumilikdə 18 min nəfər yaşayır.

Rayonlarda icra hakimiyyətlərinin qurulması, infrastrukturun inkişaf etdirilməsi əhalinin köçürülməsinə əsas işarələrdir.

Lakin görünür həmsədrlər buna göz yumublar. Halbuki köçürülmə faktlarını ermənilərin özləri belə gizlətmirlər.

Adicə Suriya ermənilərinin Laçın və Zəngilan rayonlarında məskunlşaması, onlar üçün evlərin tikilməsi erməni mətbuatında geniş işıqlandırılır. Lakin təəssüf ki, həmsərdlər bu aşkar faktlar qarşısında yenə də qeyi-obyektiv yanaşma sərgilədilər.

Bəyanatda səslənən digər maraqlı fikir bir neçə gün öncə amerikalı həmsədr Ceyms Uorlik tərəfindən səsləndirilən Dağlıq Qarabağ-Azərbaycan əməkdaşlığıdır. Əməkdaşlıq deyəndə ilk olaraq cəbhə xəttinə yaxın ərazidə yerləşən Sərsəng su anbarından birgə istifadə nəzərdə tutulur.

İldə 50 MBt elektrik enerjisi hasil edən su anbarı Ağdərə rayonu ərazidində Tərtər çayı üzərində qurulub. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Sərsəng su anbarı 30 ildən artıqdır ki, təmir olunmayıb. Onun divarlarında əmlə gələn çatlar köhnə idarəetmə qurğuları anbarda qəza baş verməsinə səbəb ola biləcək əsas amillər kimi səslənirdi. Həmsədrlər su anbarından birgə istifadə etmək barədə təklif irəli sürərkən onların konkret nəyi nəzərə tutduqlarını söyləmək çətindir. Yəqin ki, ATƏT anbarın Azərbaycan tərəfindən əsaslı təmir olunmasını və bunun qarşılığında Dağlıq Qarabağdakı separatçıların anbarın suyundan Azərbaycanın məqsədyönlü istifadə ertməsinə şərait yaratmasını istəyir.

İstənilən halda Tərtər çayı təmas xəttində yerləşir və Ağdam, Beyləqan və Bərdə rayonlarında təsərrüfatların suvarılmasında istifadə olunur. Nəzərə alsaq ki, Qarabağ ətrafı rayonlarda suvarılma işi işğal altına alınmış torpaqlardan gələn çaylar hesabına həyata keçirilir, onda bu təklif barədə Azərbaycan tərəfinin də düşünməsi məntiqli olardı.

Bundan başqa, bəyanatda atəşkəs rejiminin pozulmasına nəzarət edə biləcək təsirli mexanizmin olmaması da həmsədrlərin təəsüflə qeyd etdikləri məqamlardan idi.

Onların sözlərinə görə cəbhə xəttindən snayperlərin geri çəkilməməsi və bölgədə daimi sülhməramlı qüvvələrin olmaması qanlı insidentlər zamanı konkret tərəfi ittiham etməyə imkan vermir. 

Bütövlükdə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Cənubi Qafqaz regionuna budəfəki səfəri bir çox nüansları ilə maraqlı oldu. Həmsədrlərin Dağlıq Qarabağ ətrafındakı rayonlara səfər etməsi, konkret təkliflərlə və Ermənistan-Azərbaycan arasında Sərsəng su anbarından birgə istifadə etməsi təklifiylə diqqəti cəlb elədi.

Lakin həm də Ermənistan və Dağlıq Qarabağ ermənilərinin konstruktiv danışıqlara hazır olmadıqları və get-gedə münaqişəsinin həllində daha çox radikal mövqe tutduqları özünü biruzə verdi. 

ATƏT nümayəndələrinin Laçında kütlə tərəfindən etirazla qarşılanması, Qarabağ separatçılarının lideri Bako Saakyanın ətraf rayonların azad olunması məsələsinə soyuq baxması həm  də ermənilər arasında konstruktiv dialoq tərəfdarlarının azlıq təşkil etdiyini göstərdi.

Nəticəsiz qalmasına baxmayaraq istənilən halda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səfəri hadisələr baxımından kifayət qədər zəngin alındı. Xüsusən, sönük İqor Popov (Rusiya) və Jak Forun (Fransa) fonunda aktiv və enerjili Ceyms Uorlikin fəaliyyəti hər zaman birmənalı qarşılanmasa da təqdirəlayiqdir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı