“Prezident seçkilərinin keçirilməsindən sonra da Ukrayna sakitləşə bilməyəcək. Qarşıdurmalar yenə də davam edəcək”.
Bunu Modern.az saytına politoloq Zərdüşt Əlizadə Ukraynadakı prezident seçkilərində oliqarx Pyotr Proşenkonun qalib gəlməsinin perspektivlərini şərh edərkən deyib.
Onun sözlərinə görə yeni prezident Ukraynanın iqtisadi problemlərini həll edə bilməyəcək.
Ekspertin qeyd edib ki, ölkədə parlament seçkiləri keçirilsə, prezidentin əsas səlahiyyətləri baş nazirə keçəcək və bu da böhranın həllinə yardım etməyəcək. Z. Əlizadə Rusiyanın Ukrayna hakimiyyəti ilə əməkdaşlıq haqqındakı proqnozlarını belə dəyərləndirib: “Rusiya Ukraynanın ona olan qaz borcunun ödənilməsini tələb edəcək. Ukrayna elan edib ki, NATO-ya üzv olmağa çalışacaq. Bu da Rusiyanın strateji planlarına ziddir. Ona görə Kiyev bu xətti davam etdirsə, Rusiya Ukraynaya olan təzyiqlərini davam etdirəcək”.
Analitik P. Proşenkonun görə biləcəyi işlərdən danışıb və onun atacağı bütün addımları Ukraynanı daha da çökdürəcəyini bildirib. “O kimdir ki, nəsə müsbət bir şey edə bilsin? Proşenko oliqarxdır. Onun fikri Ukrayna büdcəsini oğurlamaqdır. O, Ukrayna xalqının rifahı üçün addımlar atmayacaq”.
Qeyd edək ki, ötən gün Ukraynada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə P. Proşenko siyahıya liderlik edir.
Aqşin Kərimov