Bu gün Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak ediblər.
Fondun nümayəndəsi qonaqların azərbaycanlı uşaqlarla gələcək dostluğunun möhkəm olacağına əminliyini ifadə ediblər.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənmiş, rəqs etmiş, şeir söyləyiblər.
Xarici ölkələrdən olan qonaqlar Bakıda keçirilən bu mərasimdə onların iştirakına yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Rusiya Federasiyasının Həştərxan uşaqlarının adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya hədiyyə olaraq fotoalbom təqdim edilib.
Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılıb, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa edilib, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb.
Bu uşaq evində hazırda 120 uşaq və yeniyetmə yaşayır.
Modern.az