Bu gün “Park İnn Hotel”də “Regional münaqişələr və gənclərin sülhyaratma təşəbbüsləri” adlı beynəlxalq konfrans keçirilib. Modern.az xəbər verir ki, konfransda dünyada baş verən və yekunlaşmış münaqişələrin ictimaiyyətə, xüsusilə də gənclərə təsiri və gənclərin bu münaqişələrin həllindəki rolu müzakirə edilib.
Qeyd edək ki, beynəlxalq konfrans 11 ölkənin ( Qazaxıstan, Türkiyə, İraq, İran, İraq, Rusiya, Ukrayna, Gürcüstan, İsrail, Moldova, Rumıniya, Əfqanıstan) iştirakı ilə baş tutub. “Dünya Türk Gəncləri Birliyi”nin sədri Əkrəm Abdullayev çıxışında münaqişəli bölgələrin fəaliyyətində gənclərin müsbət töhfələr verə biləcəyini vurğulayıb. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov bildirib ki, bu layihə onlar üçün vacibdir. “ Bu gün gəncliyin münaqişəli məsələlərdə münaqişəni həll etməyə gücü var”.Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin analitik-informasiya sektorunun müdiri Ərəstun Həbibbəyli isə Azərbaycanın işğal olunmuş bölgələrinin regiondakı münaqişələrin qurbanı olduğunu deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər belə layihələr davam edəcək. Prezidentin yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib ki, bu gün Ermənistan böhran içindədir, Azərbaycan tərəfi isə inkişafda yüksək həddə çatıb. “Onları müqayisə etməyə də ehtiyac yoxdur, inkişafda olan Azərbaycan və bundan məhrum olan Ermənistan...”
Konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun məsləhətçisi Səbuhi Rzayev, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov çıxış edib. Bununla yanaşı konfransda Milli Məclisdən, siyasət, konfliktologiya, beynəlxalq əlaqələr, strateji planlaşdırma, beynəlxalq iqtisadiyyat və digər sahələrdən olan nümayəndələr də iştirak edib.
Xatırladaq ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib.

