“Bir neçə gün əvvəl Ağdam Mərkəzi rayon Xəstəxanasında yarımçıq doğulan əkizlərdən digəri də üç gün sonra tələf olub”. Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə, körpənin çəkisi cəmi 900 qram olub: “Onların hər ikisinin də yaşamaq şansları çox az idi. Əkizlərdən biri yolda doğulduğu gün, digəri isə ondan üç gün sonra Pediatriya İnstitutunda tələf olub. Onlar hər ikisi oğlan olub”.
Qeyd edək ki, iyulun 19-da 24 yaşlı Aynur Səfərova doğuş üçün Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Atası Fikrət Səfərovun APA-ya açıqlamasında yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyzin olmadığını bildirmişdi: “Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”.Rüfanə GÜNƏŞ