Ümumgürcüstan Patriarx-Katolikosu II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni 65-ci ildönümü münasibətilə təbrik edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gürcü xalqının dini lideri Şeyxülislam A. Paşazadəni yaxın günlərdə qardaş Gürcüstan torpağında salamlamaq və şəxsən təbrik etmək fürsətini səbirsizliklə gözlədiyini dilə gətirib.
Məlum olduğu kimi, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.
Avqustun 29-30-da baş tutacaq səfər çərçivəsində Qafqaz müsəlmanlarının ali dini lideri Şeyxülislam A.Paşazadənin anadan olmasının 65-ci ildönümü Gürcüstanda qeyd ediləcək. Bu münasibətlə Tbilisidə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur. Yubiley tədbirlərində iştirak etmək üçün Şeyxülislam həzrətləri ilə birlikdə Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icma başçıları, ictimai xadimlər Gurcüstana səfər edəcəklər.
Modern.az