Modern.az

Müxalifətin toy davası, Sərkisyanın hiylələri

Müxalifətin toy davası, Sərkisyanın hiylələri

Təhsil

26 Oktyabr 2014, 10:19

Namidə BİNGÖL

Münaqişənin davam etdiyi 20 ildən artıq müddətdə Azərbaycan-Ermənistan  dövlət başçılarının  Mayndroff bəyannaməsi ilk dəfə olaraq prezidentlər səviyyəsində tərəflər arasında münaqişənin həllinə dair  imzalanmış sənəd kimi yadda qalmışdı.  İndi isə  2014-cü ildir. Münaqişənin həllinə dair yekun nəsə yoxdur. Bu səbəbdən də Azərbaycan-Ermənistan prezidentləri növbəti dəfə Parisdə bir araya gələcək. Təbii ki, işğalçı Ermənistanın hüquqi qaydalara hörmətlə yanaşmasından çox şey asılıdır. Bu haqda yazının sonunda söz açacağıq.  

İndi isə həftənin siyasi hesabatını təqdim edirik:  

Yola saldığımız həftə  müxalifətdə  dəyişik durum nəzərə çarpmadı. Müsavat başqanı Arif Hacılının  ətrafa səpələdiyi  gül-çiçək yağışını  nə Qubad İbadoğlu, nə də Səxavət Əlisoy xoş təbəssümlə qarşılaya bildi.  Sözü bir araya qoyub   Arif bəyin barışığına  bir ağızdan “yox” dedilər. Nə isə. Üçlüyün arasında suların durulmadığı qənaətinə gəlmək olar. Sadəcə, bir şey çox maraqlıdır. Görəsən, siyasətdə inadkarlıq prinsipi ilə hərəkət etmək kimin xeyrinədir?!   İqtidardan olan deputat Aydın Mirzəzadənin  müxalifətdən olan İkram İsrafilin oğlunun toyuna təşrif buyurması ikinci üçün “xeyirli əməl” kimi dəyərləndirilmədi. Belə məqamda insanların bu dərəcədə cılızlaşmasını başa düşməkdə çətinlik çəkirəm. Burda nə var ki! Məgər  bir müxalifətçinin  xeyir- şər məclisinə hər hansı iqtidarçının qatılması hansısa  qanunla yasaq edilibmi?!   

Bu məsələnin sosial şəbəkələrdə hədsiz dərəcədə  qınaq obyektinə çevrilməsi utancvericidir.  Sanki   bəzi xarici qüvvələrlə hesablaşmışıq, qalıb  daxildəki həmvətənlərimizi “ topa” tutmaq. Ayıbdır valla!   Təəssüf ki, müxalifətdə  təmsil olunan bəzi şəxslər var ki,  hər hansı iqtidar nümayəndəsinə Allahın salamını verməyi  böyük  “cinayət” hesab edir. Nədənsə siyasi meydanda  aparılan rəqabət, açıq  söhbət şəxsi münasibətlərdə  düşmənçilik həddinə yüksəlir.   Görünür, biz hələ də siyasi meydanla  insanlıq meyarının ölçüsünü müəyyənləşdirə bilməmişik. Təəssüf!   Bu arada AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı özünəməxsus tərzdə  bütün Müsavat əhlini şiddətlə qınayıb. Faceboook səhifəsində  “YAP-çılarla badə qaldırıb sağlıq vurmaqda bu adamlar qəbahət heç nə görmürlər” ifadəsini yazan Fuad bəyin nədənsə bu hadisəyə “qara libas” geyindirməsi də anlaşılmır.   

Maraqlıdır, Müsavatın təəssübünü çəkən, hər hansı bir YAP-çının  Müsavata  yaxınlaşmasını  müxalifət üçün faciə hesab edən AXCP,   niyə bir çox məqamlarda Müsavatın yanında  görünmür? Məgər, müxalifətin  iki ən böyük ana partiyalarının Elçibəyin, Rəsulzadənin məzarını  ayrı-ayrılıqda ziyarət etməsi yaddan çıxıb?!  Əlavə fikir söyləmək istəmirəm.   Cəmiyyətdə iqtidar-müxalifət anlayışının siyasi cameədə formalaşması o demək deyil ki, düşmənçilik prinsipləri əsas meyar olmalıdır.  Siyasi meydanda üz-üzə gələn tərəflərin xeyir-şər məclislərində bir arada olması qəbahət deyil!

Həftənin əsas müzakirə obyektinə çevrilən hadisəsi haqqında bir-iki kəlmə  danışmaq istəyirəm. Azərbaycan-Ermənistan prezidentlərinin oktyabrın 27-nə nəzərdə tutulan Paris görüşündən gözləntilər çoxdur. Xüsusilə, hazırkı status-kvonun dəyişdirilməsi görüşün  keçirilməsi yolunda uğurlu perspektiv üçün addım ola bilər.

 

2008-ci ildə Moskvada bir araya gələn Azərbaycan-Ermənistan dövlət başçılarının Mayndroff bəyannaməsində  münaqişənin sülh yolu ilə həll edilməsi əsas meyar kimi dəyərləndirilmişdi.  Lakin 2008-ci ildən bəri hər iki tərəfdən itkilər olmuş, atəşkəs mütəmadi olaraq  pozulub.   Xüsusilə, 2014-cü ilin avqust ayının əvvəllərində qoşunların təmas xəttində atəşkəs ciddi şəkildə pozulmuş hər iki tərəfdən çoxlu sayda hərbçi həlak olub.

Maraqlıdır, prezidentlərin Paris görüşü münaqişənin həlli istiqamətində nəyi dəyişə bilər?!

Kəlbəcərdə giröv götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hələ də Azərbaycan tərəfə təhvil verilməməsi məsələni bir az qəlizləşdirir. Beynəlxalq təşkilatlar,  BMT, ATƏT-in Minsk qrupu  girovların geri qaytarılması istiqamətində heç bir iş görməyib.  

Digər bir məqam. Azərbaycanlı girovların məhkəməsinin  Azərbaycan-Ermənistan prezidentlərinin görüşdüyü tarixdə, Xankəndidə keçirilməsi  təsadüf yoxsa növbəti təxribat  ola bilərmi?! 

Təbii ki, Fransada ermənipərəst qüvvələrin, erməni lobbisinin güclü olması sirr deyil. O zaman  niyə prezidentlərin görüşü ilə eyni vaxta girovların məhkəməsi də salınıb?!  Burda ədalətlilik prinsipinin pozulması daha çox diqqət çəkir.   Prezidentlərin Paris görüşünün keçirilməsinə  Ermənistanda da xüsusi önəm verilir. Ermənistanın “Aykakan-Jamanax” qəzetinin yazdığına görə Fransa prezidenti Fransua Olland  iki dövlət arasında birgə bəyannamənin imzalanmasına  çox çalışır. Hər halda, 2008-ci ildə Rusiyanın iştirakı ilə imzalanan sənədin davamı Fransada baş tutacaq. Ayrı-ayrılıqda isə  Rusiya və Fransanın Ermənistana təsir rıçaqlarının olması sirr deyil.      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı