Modern.az

Sertifikasiyada bəzi fənlərə asan, bəzilərinə çətin sual düşüb?

Sertifikasiyada bəzi fənlərə asan, bəzilərinə çətin sual düşüb?

Təhsil

Bu gün, 12:22

17-25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb. Elektron formada, ölkə üzrə 19 şəhər və rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib.

Proseslə bağlı belə bir fikir səsləndirilir ki, sertifikasiya müsabiqəsinin test mərhələsində bəzi fənlər üzrə suallar daha çətin, bəziləri üzrə isə nisbətən daha asan tərtib olunub.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur və ümumiyyətlə, sertifikasiya imtahanlarında sualların çətinlik dərəcəsi necə olmalıdır?

Modern.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, bəzi hallarda imtahanlarda fənlər arasında müəyyən fərqlər müşahidə oluna bilir:

“Ümumiyyətlə, sertifikasiya və digər imtahanların təlimatlarında qeyd olunur ki, suallar asan, orta və çətin olmaqla üç səviyyəyə bölünür. Adətən asan və çətin sualların sayı daha az, orta səviyyəli suallar isə daha çox olur. Bununla belə, istər Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında, istər sertifikasiya, istərsə də MİQ imtahanlarında bəzi fənlər üzrə sualların çətinlik dərəcəsində müəyyən fərqlər müşahidə oluna bilir.

Bu isə əsasən sualları hazırlayan metodistlər və fənn komissiyalarının yanaşmasından asılıdır. Nəticədə bəzi fənlər üzrə suallar nisbətən çətin, digərlərində isə daha asan ola bilər. Belə hallar yalnız Azərbaycanda deyil, beynəlxalq təcrübədə də rast gəlinir.

Məsələn, Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında da bəzi illərdə suallar əvvəlki illərlə müqayisədə daha çətin, bəzi illərdə isə daha asan olur. Yəni imtahanların çətinlik səviyyəsində müəyyən dəyişikliklərin baş verməsi təbii haldır".

Sualların çətinlik səviyyəsindəki fərqlər müəllimlər arasında ədalət prinsipinə təsir göstərə bilər:

“Amma əslində belə olmamalıdır. İstər MİQ, istər sertifikasiya, istərsə də qəbul imtahanlarında suallar asan, orta və çətin səviyyələr üzrə balanslı şəkildə hazırlanmalıdır.

Çünki bir fənn üzrə sualların daha çətin, digər fənn üzrə isə daha asan olması müəllimlər arasında bərabər imkan prinsipini poza bilər. Asan suallarla qarşılaşan müəllimlər daha yüksək nəticə əldə edərək əməkhaqqına əlavədən daha rahat yararlana bildiyi halda, çətin suallarla üzləşən müəllimlər eyni imkandan məhrum qala bilərlər.

Ədalətli qiymətləndirmənin təmin olunması üçün bütün fənlər üzrə sualların çətinlik səviyyəsi mümkün qədər eyni və ya bir-birinə yaxın olmalıdır. Təbii ki, fərqləri tamamilə aradan qaldırmaq mümkün deyil. Lakin bu fərqlər minimum səviyyədə saxlanılmalı, nəticələrə təsir edəcək qədər ciddi olmamalıdır.

Bu baxımdan, sualları hazırlayan metodistlər və fənn mütəxəssisləri məsələyə xüsusi həssaslıqla yanaşmalı, müəyyən olunmuş qaydalara ciddi əməl edərək tapşırıqları vahid standartlara uyğun hazırlamalıdırlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada