Mənim nəzərimdə yaxın tariximizin canlı əfsanələrdən biri-jurnalistikamızın ağsaqqallarından olan görkəmli alim, pedaqoq, mətnşünas, araşdırıcı, BDU-nun professoru Şirməmməd Hüseynovdur. Şirməmməd müəllimə böyük sayğı və ehtiramımın hardan başlandığını düşünəndə maraqlı bir hadisə düşür yadıma. Universitetin filologiya fakültəsinin əlaçı və fəal tələbələrindən olduğuma görə dekan müavini Şirməmməd müəllimlə səmimi münasibətlərimiz vardı.
Ədəbiyyat dərnəklərindən tanıdığım, orda coşqun çıxışlar edən Abbas adlı bir yoldaş bir gün mənə yaxınlaşıb “Sənə bir işim düşüb” dedi. Abbas jurnalistikada oxuyurdu, arada ciddi bir yaxınlığımız da yoxdu, nə işi düşə bilərdi mənə? “Buyur!” dedim. Onun xahişi məni təəccübləndirdi. “Şirməmməd müəllim mənə qiymət vermir, heç kimi də eşitmir. Sənin xətrini istəyir, bəlkə mənim xahişi edəsən. Tələbələrə qarşı daha diqqətlidir, səni eşidər!” “Müəllimləri də eşitmirsə, mənim deməyimin nə faydası?” deyib boyun qaçırmağa çalışdım. Abbas əl çəkmədi.
Axırda məcbur edib, utana-utana Şirməmməd müəllimdən Abbasa qiymət yazmasını xahiş etdim.
Mənim bu ərkim və cəsarətimdən əsəbiləşmədi, ancaq söhbətə xitam verən bir şəkildə “O mümkün deyil!” dedi.
Mən də əl çəkmədim: “Niyə?” deyə soruşdum və Şirməmməd müəllimə Abbası niyə müdafiə etməyimin səbəblərini izah etməyə çalışdım! “Dərnəkdən tanıyıram, millətini sevən, qeyrətli oğlandır”.
Şirməmməd müəllim: “Sənin öz yoldaşının xahişini eləməyə pis baxmıram. Ancaq öyrənməsə qiymət verməyəcəyəm. Yadında saxla, nə qədər qeyrətli olur-olsun, savadı, biliyi yoxsa, bir gün biqeyrət olacaq. Qeyrətini göstərmək üçün gərək ağlı, biliyi olsun, yoxsa hər yerdə burnundan vurub oturdacaqlar yerində, yavaş-yavaş olacaq gözüqıpıq, biqeyrət”.
O qədər dəqiq bir yanaşma idi ki, heç nə deyə bilməzdin. Təşəkkür edib ayrıldım. Şirməmməd müəllim bir neçə sözlə biliyin, elmin əhəmiyyətini necə gözəl anlatmışdısa, o sözlər həmişəlik həkk olundu yaddaşıma. Aradan uzun illər keçsə də, onun sözünü unutmamışam və dəfələrlə misal çəkmişəm. Boş “mən qeyrətliyəm, vətənimi sevirəm” deməklə düşmən qabağına çıxmaq olmaz. Cəbhənin öz silahı var, dialoqun, masa arxasında, kürsüdə aparılan fikir savaşının öz silahı. Ağıl və bilik silahı!
O söhbətlə mən Şürməmməd müəllimi özüm üçün kəşf etdim və mənə dərs deməsə də, həmişə müəllim ehtiramı göstərdim ona.
Bilirəm ki, aramızdakı bu söhbəti o da unutmayıb.
Universitetin IV kursundan “Ədəbiyyat və incəsənət” qəzetində işləməyə başladım. Dünənki müəllimlərimin bir çoxunu ayrı müstəvidə - müəllif kimi gördüm, auditoriyada böyük görünənlərin bir çoxunun araşdırmaçı və müəllif kimi cılızlığına təəccübləndim, münasibətlərdə çox yaxınlaşmalar-uzaqlaşmalar oldu. Bəzi müəllimlərimi unutdum, ancaq Şirməmməd müəllim daim öz ucalığında, obyektivliyində qaldı. Universitet müəllimi ləyaqətini daim qorudu və tələbələrin sevimlisi olmaq statusunu illər uzunu, bu günə qədər qoruya bildi. Cəsarətli vətəndaşlıq mövqeyinə, sözünü hər yerdə mərdi-mərdanə demək bacarığına, şəxsiyyət bütövlüyünə görə sevdiyim insanlardan birinə çevrildi.
Sonra qəfildən bizim arzuladığımız günlər gəldi; hamının gözünün qabağında SSRİ, “Titanik” gəmisi kimi, göz görə-görə suyun dibinə getməkdəydi. Lakin hər bir ağıllı adamın gördüyü bu labüd sonluq da bir çoxlarını ayılda bilməmişdi; “bu boyda imperiya dağıla bilməz, sus, birdən XII Qızıl Ordu gələr, nəslimizi kəsər” psixologiyasıyla yaşayan və düşünənlər çox idi.
Real vəziyyəti görən, sonucun nə olacağını düşünmədən həqiqəti deyən az ziyalı vardı ortada; onlardan biri də Şirməmməd Hüseynov idi.