Elşad Paşasoy 
8 noyabr 2014-cü il, “8-ci km bazarı”nın qarşısındakı dayanacaq. “Press-köşk”dən bir “Yeni Müsavat” alan bazar işçisini dərhal ətrafdan toplaşan bir dəstə adam üzük qaşı kimi dövrəyə alır. Hətta günəşli havada oturub dizləri üstə nərd oynayan iki nəfər də tez-tez oyundan gözlərini çəkib qəzetə tərəf boylanır. Bir neçə dəqiqə ərzində diqqətimi çəkən bu səhnəni izlədikcə doğrusu, xoşhal oldum. Demək Rauf Arifoğlunun, qəzet kollektivinin 25 illik zəhməti boşuna getməyib, deyə, düşündüm...
Təəssüf ediləsi məqamlar da az deyil. Məlum səbəblərdən qəzetimizin tirajı nəzərəçarpacaq dərəcədə azalıb, oxucu sayı da həminki deyil. Ancaq bütün bunların səbəbləri bəllidir. Sovetlər zamanı ucqar kəndlərdə belə o dövrün qəzetlərini poçt vasitəsilə almaq mümkün idi. Di gəl müstəqilliyimizin ilk illərindən fərqli olaraq sonrakı dönəmlərdə müstəqil mətbuatı nəinki ucqarlarda, hətta paytaxtımızın mərkəzində də əldə etmək şansı minimuma endirildi. Bu gedişlə qəzet bazarında durğunluq yarandı, yayım problemləri, qəzet köşklərinin yığışdırılması səbəbindən oxucu ilə qəzet arasında rabitə qırıldı.
Bu müddətdə “Yeni Müsavat” da xeyli itkilərə məruz qaldı, əvvəl əl yayımını qadağan etdilər, sonra metrodakı satışa son verildi, ardınca qəzet köşklərini “dənlədilər”. Nəticədə təkcə ölkənin deyil, hətta Qafqazın ən çox tirajına və dövriyyəsinə sahib olan “Yeni Müsavat”ın tirajı pik dövrlə müqayisədə məcburən 4-5 dəfə aşağı salındı. Ancaq ortada Azərbaycanımızın tarix boyu nail olduğu müstəqilliyinin yaşıdı olan, çağdaş dövrümüzün tarixini səhifələrində əks etdirən, özü bir tarix yaradan qəzet, bu illər ərzində sayı yüz minləri keçən oxucu ordusu, daha nələr var...
****
“Çox şeyi itirmişəm, qurban verməyə razı olmuşam… Bir şərtlə ki, “Yeni Müsavat” qalsın”. Baş yazarı bu amalla yaşayan qəzet əlbət ki, sərt sanksiyalar, ağır məhkəmə cəzaları, məhbusluq həyatı, ölüm təhdidi, mətbəə, redaksiya təhdidlərindən qurtulmağı bacarmalıydı və bacardı da. Bir firqə, düşərgə qəzetindən ümummilli media orqanına çevrilmək, bütün düşərgələrə tribuna vermək Azərbaycan reallığından heç də asan deyildi – hələ bu ölkədə filankəsin toyuna iqtidar nümayəndəsi gedib deyə, çamur yağdıranlar var – “Yeni Müsavat”çılar bunu bacardı.
Bu illər ərzində arayıb-axtardığını “Yeni Müsavat”da tapanların az deyil ki, çoxdur. Qəzetə nicat yolu kimi baxanlar kifayət qədər olub. Ölkənin rəhbərliyinə yazılan şikayət ərizələrinin surətinin rəsmi qəzetlərə deyil, məhz “Yeni Müsavat”a ünvanlanması faktı çox şeyi deyir. Bu illər ərzində sonuncu manatını çörəyə və “Yeni Müsavat”a verən sədaqətli oxucularımız oldu, belə insanlarımıza eşq olsun! Oxucularımız var ki, “Yeni Müsavat”ın bütün nüsxələrini sevə-sevə saxlayırlar, evlərində bir qəzetin tarix muzeyini yaradıblar. Bu yubiley günündə belə oxucularımıza xüsusi təbrik düşür.
“Yeni Müsavat” sərasər 25 il Azərbaycanla oldu, Vətənin, millətin dərdi ilə yaşadı, sevincini ilk uğurlayanlardan oldu. Çatışmayan tək bir şey var - Qarabağ zəfərindən manşet yazısını verə bilmədik. İnşallah qarşıdakı illərdə bu da olar...
****
Baş redaktorumuzun yubiley müsahibəsində bir məqam vardı, jurnalistin vətəndaş mövqeyi barədə. Bu, axı hər zaman mübahisə mövzusudur, “jurnalistin vətəndaş mövqeyi olmalıdırmı, yoxsa yox?” Rauf bəy isə “Vətəni normal vəziyyətdə olan jurnalistlər üçün vətəndaş olmağa heç gərək yoxdur, elə jurnalist olmaq yetərlidir... Bizim kimi ölkələrdə vətəndaş özü dövlətin bir parçası olmağa, mövqeli olmağa məcburdu. Yoxsa, durum daha da pis olar və geriyə dönməz hal alar. Bütün demokratik təsisatlar məhv olar…” Məncə, mübahisəyə yer yoxdur, tam haqlıdır, biz bəlkə də milli maraqlar tələb etdiyi yerdə “gördüklərimizin dörddə birini” yazmamalıyıq. “Yeni Müsavat” ötən illər ərzində çox yazdı, elə məsələlər var ki, onu “min dəfə dedi”, yazdı, xatırlatdı, faydası olmadı, amma milli maraqlara zərbə vuran nəsnələrə yol vermədi, hər zaman belə meyllərin ağzından vurdu.
Qəzetimizin yubileyinə həsr olunan müəllif yazılarının hər biri diqqətəlayiqdir, ürəkdən gələn sözlərdir. Sadiq oxucularımızdan olan dəyərli Çingiz Özgürün “Kənddə qəzet məsələsi” yazısını oxuyanda ixtiyarsız ötən illərə qayıtdım. 1998-ci ilin payızına. O zaman “Yeni Müsavat” çətin günlərini yaşayırdı. Ucqar kənddə yaşayan bir gənc olaraq sevimli qəzetimizin ziyarətinə gəlmişdim, kiçicik dəstəklə. Növbəti ilin noyabrında “Yeni Müsavat”a ikinci kərə gəldim, bir yazı ilə. Budəfəki gəlişim uzunömürlü oldu, işə dəvət aldım. Doğrusu, gözləməzdim. O zaman “Yeni Müsavat”ı əlçatmaz sayırdım deyə. Düz 15 ildir, bir igid ömrü. 25 yaşlı aparıcı bir qəzetdə 15 il davamlı şəkildə çalışmaq qisməti varmış taleyimdə. Az sonra “Yeni Müsavat”ın 6 minə yaxın nüsxəsi çapdan çıxacaq ki, onun da böyük əksəriyyətindəki “imzalar içində” imzam var, fəxr ediləsidir...
****
Bu gün mətbuat orqanını təsis edib onun başında dayanmağa nə var ki. Sovetlərin “Domokl qılıncı”nın başımızın üstündə asıldığı, Xəlil Rza demişkən, “nallı çəkməli” rus əsgərinin Azərbaycanda at çapdığı o günlərdə “samizdat” şəkildə qəzet çıxarmaq heç də sadə məsələ deyildi. Təqribən ötən əsrin əvvəllərində “Nina” mətbəəsində çıxan “İskra”sayağı. Çağdaş tariximizdə ən yaxşı halda bu təşəbbüsdə bulunanları Lefortova gözləyirdi. Ancaq o zaman Rauf Arifoğlu bu riskə getmişdi, nəticəsi göz önündə - mediamızın, bütövlükdə Azərbaycanımızın faydasına oldu.
****
Düşünüb bircə anlıq da olsa, 25 il öncənin 9 noyabrını göz önünə gətirməyə çalışdım… Gəncədə bir tərəfdən sevinc, o biri tərəfdən təşviş və həyəcanla nəşr olunan qəzetin ilk 10 min nüsxəsinin silah-sursatsayağı həmin məxfiliklə Bakıya göndərilir. Və 10 noyabr səhəri “Azadlıq” meydanındakı yumruqların imperiya üzərinə tuşlandığı izdihamlı mitinqdə yayılır, əl-əl gəzir…
Həmin gün gənc baş redaktor Rauf Arifoğlunun hansı hisslər keçirdiyini təsəvvür etmək elə də çətin deyil. O gün meydandakı on minlərdən aldığı mandatın və yaşadığı sevincqarışıq məsuliyyətin məntiqi nəticəsidir ki, Rauf bəyin komandanlıq etdiyi “Yeni Müsavat” uzun, çətin və şərəfli bir yol gəlməyi bacarıb. Yola davam! Uğur olsun, “Yeni Müsavat” və “Yeni Müsavat”çılar!