
Noyabrın 14-də “Kempinski Badamdar” otelində Azəri-Press Agentliyinin (APA) 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.
AzərTAc-ın məlumatına görə, əvvəlcə agentliyin 10 illiyinə həsr olunmuş videoçarxın nümayiş etdirilib. Sonra APA-nın direktorlar şurasının sədri Nurşən Quliyev çıxış edərək, agentliyin fəaliyyətindən danışıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək 10 illik inkişaf yolu keçmiş APA-nın kollektivini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Əli Həsənov deyib ki, Azərbaycanda KİV-in inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri deyib ki, Prezident İlham Əliyev ölkəmizdə mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq daha da şəffaflaşdırıb. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edib. Azərbaycan Prezidentinin sərəncamı ilə 2009-cu ildə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
Əli Həsənov deyib: “Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Bildiyiniz kimi, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanılıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir”.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı çıxış edərək Azərbaycanda mətbuatın inkişaf etdirilməsi, söz və fikir azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən danışıb, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Tədbirdə APA-ya ünvanlanmış təbrik məktubları səsləndirilib və bir sıra qurumlar tərəfindən agentliyə mükafatlar təqdim olunub.
Yubiley mərasimi maraqlı konsert proqramı ilə davam edib.
Modern.az