
Bakıda fərdi yaşayış evlərinin tikintisində bahalaşma müşahidə edilir. Bu, həm də tikinti üçün tələb olunan qeyri-rəsmi ödənişlərdə (rüşvət) özünü göstərir. Məsələn, mərkəzdənkənar qəsəbələrdə birmərtəbəli evin tikintisi üçün 3-5 min manat, 2 mərtəbəli evin tikintisi üçün isə 5-10 min manat qanunsuz ödəniş tələb olunur. Bu təbii ki, yalnız evin tikintisi üçün lazım olan məbləğdir.
Ekspert Nüsrət İbrahimov da Modern.az-a açıqlamasında daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə edildiyini bildirib: “Daşınmaz əmlak bazarında hazırda mövsümə uyğun olamayan bir süstlük hökm sürməkdədir. Aktivlik ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,7 faiz azalıb. Qiymətlər isə ötən illə müqayisədə 12,74 faiz, ötən ayla müqayisədə isə 3.24 faiz artıb”.
Ekspertin sözlərinə görə, bunu aldadıcı artım da saymaq olar. “Təklif portfelində struktur dəyişikliyi (ucuz obyektlərin sayı azalıb, bahalı obyektlərin payı isə çoxalıbdır) hesabına artım qeydə alınıb”.
Nüsrət İbarimov deyib ki, indi şəhər daxilində 1 otaqlı mənzillərin qiyməti 50-60 min manat təşkil edir: “Bu məbləğə şəhərkənarı kənd və qəsəbələrdə 2-3 sot torpaq alıb, üzərində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikmək mümkündür. Odur ki, potensial alıcı ikinci varianta üstünlük verir. Nəticədə torpaq bazarında aktivlik artıb və qiymətlər isə il ərzində 10,55 faiz artıb”.
Evlərin sənədləşdirilməsi sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına gəlincə, Nüsrət İbrahimov bunun mümüküsüz olduğunu vurğulayıb: “Əhali ilk addım olaraq torpaq bazarında alıcı qismində çıxış edərkən sənəd haqqında düşünməlidir. Lakin ucuz olsun deyə, sənədsiz torpaq almağa üstünlük verilir. Problemlər də buradan başlayır”.
Gülşən RAUFQIZI